Date: 5/28/2020 4:27 PM
Source:
Views: 167

"Bilik və birlik" devizi altında biznes-simulyasiya yarışı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və "Fibonacci Games"-in birgə təşkilatçılığı ilə 27 may 2020-ci il tarixdə “28 may – Respublika Günü”nə həsr olunmuş gənclər arasında "Bilik və birlik" devizi altında biznes-simulyasiya yarışı keçirilib.

 

Biznes-simulyasiya yarışında komandalar pandemiyadan sonra turizm obyektlərinin səmərəli inkişafını təmin etmək məqsədilə potensial turistlər uğrunda mübarizə aparıblar. Oyunda komandalar sahibkar kimi çıxış edərək, turist sayına görə müxtəlif kateqoriyadan olan mehmanxana otaqlarının satışını həyata keçirilər. 5 virtual həftədən ibarət yarışda, komandalar otelin əməliyyat xərclərini, bonus və rezervasiya sisteminin xüsusiyyətlərini nəzərə almaqla, kapitalın artırılmasına çalışıblar.

 

Yarışda 15 komandanın tərkibində təmsil olunan 70 gənc iştirak edib. İştirakçılar www.fibonaccigames.com saytında yayımlanan həftəlik tapşırıqlarla və maliyyə xəbərləri ilə tanış olmuş, öz aralarında müzakirə aparmış və yekun biznes qərarlarını saytın elektron blanklarında doldurublar.

 

“Bilik və birlik” devizi altında keçirilmiş onlayn biznes-simulyasiya yarışında “Güvən” komandası ən çox virtual gəlir əldə edərək, qalib adını qazanıb.

 

Biznes-simulyasiya yarışı "Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə" Dövlət Proqramı"nın 5.3.5 bəndinə (Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi) uyğun olaraq həyata keçirilir.