Date: 9/6/2021 4:05 PM
Source:
Views: 105

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yaponiyanın Tokio şəhərində keçirilən XVl Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yaponiyanın Tokio şəhərində keçirilən XVl Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə qərara alıram:

1. Yaponiyanın Tokio şəhərində keçirilən XVl Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2021-ci il