Date: 7/8/2022 1:00 PM
Source:
Views: 1412

Nazirin Nöqteyi-Nəzəri

Əziz gənclər və idmançılar!

Ənənə üzrə, fəaliyyətimiz, görüşlərimiz və hesabatımızı sizinlə bölüşməyə davam edirəm. İyun kifayət qədər intensiv və dolğun oldu. Bu dəfə də nöqteyi-nəzərimiz yeni idman uğurlarına yönəldi. Avropa və dünya miqyaslı yarışlarda qazanılan qələbələrlə yanaşı, beynəlxalq və lokal miqyasda tədbirlərin təşkili də uğurla reallaşdı.

Sözsüz ki, azarkeşləri ən çox sevindirən minifutbol üzrə milli komandamız oldu. Avropa çempionatında qızıl medal qazanan komandamızın bu tarixi uğurunu bütün xalqımız coşqu ilə qeyd etdi. Hava limanında komandamızın atəşfəşanlıqla qarşılanması azarkeşlərin komanda idman növlərində qələbə arzusunun real nümunəsi idi.


VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi. Görüş zamanı dövlətimizin başçısı çıxışında qeyd etdi ki, hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında.

 

Ümumiyyətlə, ay ərzində idmançılarımız bir çox nüfuzlu beynəlxalq yarışlardan uğurla qayıdıblar. Gimnastika, qılıncoynatma, güləş, cüdo, üzgüçülük, velosiped, para-üzgüçülük, atıcılıq, atletika, karate və digər idman növlərində ümumilikdə 130-dək medal qazanıldı. Bir çox növlər üzrə Avropa çempionatları mövsümü məhz iyuna təsadüf edir. Bu baxımdan qitə çempionat və birinciliklərində qazanılan uğurlar bizi fərəhləndirdi. Bədii gimnastika komandamızın, qılıncoynadanımızın, batut gimnastikası və tamblinqçilərimizin, U-17 və U-20 sərbəst, yunan-Roma və qadın güləşçilərimizin, U-17 çimərlik güləşçilərimizin, usta cüdoçularımızın, gənc və yeniyetmə karateçilərimizin Avropa çempionatlarında uğurları hər birimizi sevindirdi. Sevindirici haldır ki, indiyədək medal qazanılmamış növlərdə də uğurumuz oldu. Tarixdə ilk dəfə olaraq, bu nailiyyəti üzgüçülük üzrə gənclərin Avropa çempionatında idmançımız Ramil Vəlizadə qazandı. Bu münasibətlə federasiyanı, məşqçi və idmançılarımızı təbrik edirəm.

İdmanda qazanılan qələbələrlə paralel ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etmək ənənəsi bu ay da davam etdi. Ölkəmiz altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisini təşkil etdi. Sürət azarkeşləri səbirsizliklə gözlədikləri Formula həyəcanını iki illik fasilədən sonra, bu il birbaşa tribunadan yaşadılar.

 

 

Bolqarıstanla diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təşkil edilən Gənclərin İdman Festivalı da dostluq şəraitində keçdi.

 

 

VİDEO

Daha bir mühüm tədbir Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirləri Daimi Şurasının iclası oldu. Bu iclasda da bir sıra mühüm məsələlər müzakirə edildi, təqdimatlar nümayiş olundu. Tədbir çərçivəsində İranın gənclər və idman naziri Həmid Səccadi ilə, İraqın gənclər və idman naziri Adnan Dirjal Motarla, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla ikitərəfli görüşlərim oldu. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq və əlaqələrin perespektivlərini müzakirə etdik.

 

 

Ölkəmizdə kütləvi idman tədbirlərinin əhatəsi də tədricən genişlənir. İyun ayı ərzində, həftəsonları "İdman hamı üçün" layihəsi çərçivəsində ardıcıl olaraq, “Gimnastika hamı üçün”, “Atletika hamı üçün”, “Sağlam həyat günü” və veloyürüş təşkil edildi. Eyni zamanda, ölkə üzrə Olimpiya İdman Komplekslərində müxtəlif növlər üzrə nümunəvi çıxışlar və master klaslara start verilib. Belə layihələrin əsas məqsədi əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

  

VİDEO 1 | VİDEO 2 | VİDEO 3 

Daha bir yenilik "Xəzər dalğası" dənizdə üzmə yarışının təşkili oldu. İlk dəfə keçirilən bu tədbir həm peşəkarlar, həm də həvəskar üzgüçülər arasında baş tutdu. Bununla yanaşı müxtəlif su idman növləri – yelkən, kanoe, kayaq, su polosu, sinxron üzgüçülük, vindsörfinq üzrə nümunəvi çıxışları izlədik. Düşünürəm ki, Xəzər dənizindən istifadə etməklə, əhalini bu idman növlərinə cəlb edərək sağlam həyat tərzinin təbliğatını artırmalıyıq.

   

VİDEO

Bu yöndə növbəti maraqlı yarış, “IronWind 70.3” triatlon turniri oldu. Yarış iştirakçıları finişə çatmaq üçün 1.9 km üzməli, 90 km velosiped sürməli, 21 km qaçmalı idilər. Yarışda kütləviliyi təmin etmək üçün həm fərdi, həm də komanda şəklində iştirak mümkün olub. Belə ki, 2 və ya 3 nəfərdən ibarət komandaların üzvərindən biri üzərək estafeti velosipedçiyə, daha sonra qaçışçıya ötürməklə finişə çatıblar. Bu da 3 növdən hər hansı birində yarışa bilməyən iştirakçıların da turnirə qatılmasına şərait yaratdı. Triatlon cəmi bir neçə ildir təbliğ olunsa da, bu idman növündə iştirakçı sayının artımı göz qabağındadır. Düşünürəm ki, kütləviliyə nail olmaq üçün bu ənənəni davam etdirmək lazımdır.

  

VİDEO

Gənclər siyasəti sahəsində də bir sıra təlimlər, layihələr həyata keçirilib. “Gənclər Debat Forumu”, “Türk Dövlətləri Təşkilatının lV Gənc Lider Forumu”,  "Əsas həyat bacarıqları" üzrə təlim, “ASAN Könüllüləri” təşkilatı ilə birgə “ASAN Akademiya - Qarabağ” layihəsi, Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə “Policy Lab” layihəsinin ilk fazası və digər tədbirlər gənclər siyasəti sahəsində ay ərzində görülən işlərin bir qismidir.

  

Ənənəvi olaraq, bölgələrə səfərlərimiz davam edir. Vətəndaş qəbulunun davamı olaraq, bu dəfə Gədəbəy və Şəmkir rayonlarının sakinləri ilə görüşdük. İkigünlük səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olduq, mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müzakirələr apardıq. Göygöl rayonu Sarıyal nahiyəsi Xan yaylağında gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlandıq.

 

Həmçinin Gəncə şəhərində tikilməkdə olan İdman Sarayının inşası ilə tanış olduq. Gəncə Olimpiya İdman Kompleksinə də yenidən baxış keçirdik. Ötən dəfəki səfərdən sonra bu dəfə həmin mərkəzin fəaliyyətindəki canlanmanı aparılan islahatların ilkin nəticəsi hesab etmək olar. Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinlədik, fikir mübadiləsi apardıq. Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrdə uşaq-gənclərin məşğələlərini izlədik. Bakıda isə, ölkə voleybolunun inkişafı üçün çox faydalı əhəmiyyətə malik olan Voleybol Mərkəzinin fəaliyyəti ilə maraqlandıq.

  

 

VİDEO

Gənclərlə görüşlər, onların təkliflərini öyrənmək, fikirlərini dinləmək işimizin daha səmərəli olması üçün vacibdir. Bu dəfə bölgələrə səfər zamanı Ağdaş Dövlət Humanitar Kollecinin şagirdləri ilə görüşdük. Şagirdlərin uğurları və fəaliyyətləri tanış olub, onlara gənclər və idman siyasəti, eləcə də yeni layihələrimiz haqqında məlumat verdik. 

 

 

VİDEO

Ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatlarının rəhbərləri ilə görüşümüz oldu. Təşkilatın təhsil müəssisələrindəki rəhbərlərinin təkliflərini dinlədik, tələbələrlə işin gücləndirilməsi və qarşıya çıxan məsələlər barədə müzakirələr apardıq. Gənclərin iştirakçılığı, tələbə həyatı, beynəlxalq təşkilatlarla iş, təlimlər, asudə vaxtın təşkili, gənclər arasında elm və texnologiya istiqamətləri üzrə fikir mübadiləsi apardıq.

 

VİDEO

İdman federasiyalarının optimallaşdırılması prosesi davam edir. İyun ayında daha 6 federasiyanın akkreditasiyası təsdiqləndi, 3-nün isə statusu dayandırıldı. Bununla da bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatdı. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Yekunda daha ideal və uğurlu idman sistemi qura biləcəyik.

Qarşıda bizi növbəti məsul yarışlar, kütləvi tədbirlər gözləyir. Görülən işlər, aparılan islahatların məqsədi bəllidir. Əhalinin sağlamlığı və idman vasitəsilə ölkəmizin şərəfinin beynəlxalq aləmdə layiqincə qorunması. Bu yöndə fəaliyyətimizi günbəgün genişləndirməklə hədəfə daha da yaxınlaşacağımıza inanıram.

Fərid Qayıbov
Gənclər və idman naziri