Date: 2021 November 06
Source:

Nazirin Nöqteyi-Nəzəri №2

Gələcəyə baxmaq

 

Əziz gənclər və idmançılar,

 

Söz verdiyim kimi hər ay sizinlə fəaliyyətim, görüşlərim, fikirlərim və baxışlarımla bölüşməyə davam edirəm.

 

Oktyabr ayı kifayət qədər intensiv, dolğun oldu. Həm idman, həm də gənclər sahəsində mövcud vəziyyətin təhlili və planlaşdırılması üçün ardıcıl işlər aparıldı.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıqları əlamətdar oldu. 6 müxtəlif idman növü üzrə eyni vaxtda məşqləri mümkün edən bu arena yerli və xarici gimnastların təlim və məşqləri üçün unikal imkanlar yaradır.

 

 Növbəti Yay Olimpiya Oyunlarına qalan vaxtda geri sayım başlayıb, ciddi hazırlıq üçün az vaxt qalır. Taekvondo, velosiped, voleybol federasiyalarında oldum, onların rəhbərliyi və idmançılarla görüşdüm. Bu görüşlər tanışlıqla yanaşı, həm də daha dərin məzmun daşıyır. Mütəxəssislərlə birgə çətin sualların cavablarını araşdırmaqla, zəif tərəfləri müəyyən edib, güclü tərəfləri önə çıxarıb dəstəkləməklə davamlı nəticələrə hədəflənmişik.

 

Gənclərlə də görüşlərimin formatları müxtəlif oldu. Gənclər Təşkilatları Milli Şurasının qərargahında gənclərin beynəlxalq əməkdaşlığı istiqaməti üzrə qeyri-hokümət təşkilatlarının nümayəndələri ilə fikir mübadiləsi keçirildi. Layihələrin aktuallığı və əhatəliyi ölkənin prioritetlərinə və qlobal çağırışlara nə dərəcədə cavab verdiyi, qrant vəsaitlərinin effektivliyinə dair açıq müzakirələr aparıldı. Qeyd edim ki, hər bir müzakirənin nəticəsini görmək üçün əməli təkliflər və ardıcıl fəaliyyət aparılacaqdır.

 

Regionlara da səfərim oldu. Ölkənin cənub bölgəsində Astara, Cəlilabad, Masallı, Lənkəran və Biləsuvarda mövcud idman və gənclər infrastrukturuna baxış keçirdik. Düşünürəm ki, bu qurumların idarəedilməsinə yeni baxış və yanaşma tətbiq edilməlidir.

 

Lənkəranda region gəncləri ilə görüş yeni nəslin sağlam düşüncəsini, yaradıcılıq enerjisini nümayiş etdirdi, qurumların əlaqəli işində boşluqları da göstərdi. Regionlara səfərlərimi, oradakı gənclər və onlarla işləyən müxtəlif qurumlar və təşkilatlarla görüşlərimi davam etdirəcəm. Ölkədə gedən inkişafdan region gənclərinin daha da çox bəhrələnməsi, onların bilik və bacarıqlarının artırılması, yaşayış keyfiyyətlərinin yaxşılaşdırılması strateji məqsədimiz olacaq.

 

Vətən müharibəsinin birinci ildönümünü qeyd etdiyimiz bu ay ərzində Gənclər və İdman Nazirliyi bir neçə yeni layihə həyata keçirdi. Bunlardan həvəskarlar arasında keçirilən “Unutma, YAŞAT!” mini futbol turnirini qeyd etmək istərdim. Xeyriyyə məqsədi ilə keçirilən bu yarışda idman federasiyaları və ictimai birliklər, Gənclər və İdman Nazirliyinin strukturuna tabe təşkilatları, müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri, gənclər təşkilatları olmaqla 64 komanda iştirak etdi və oyunlar böyük maraqla da izlənir.

 

Əlavə olaraq, 9 noyabr tarixində Bakı Dənizkanarı Bulvarında “Zəfər günü”nə həsr edilmiş “Qürurla irəli!” şüarı ilə kütləvi qaçış və bayram tədbirləri təşkil ediləcək. Əminəm ki, bu tədbir tarixi Qələbə qazanmış xalqımızın birliyini, zəfərlər əldə etmək əzmini bir daha nümayiş etdirəcəkdir.

 

Oktyabr ayı ərzində mən bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, BMT-nin Uşaq Fondu (UNICEF), GUAM, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərləri ilə görüşdüm. Bakı Ali Neft məktəbinin tələbələri, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər, Azərbaycan Gənclər Fondu ilə də görüşlərim oldu.

 

Bakı Gənclər Mərkəzi və Sabunçu Gənclər Evinin fəaliyyəti ilə tanış oldum. Burada gənclər üçün təqdim edilən xidmətlər, onların fərdi inkişafı və asudə vaxtının təşkili üçün yaradılmış şərait və layihələrlə tanış oldum. Gənclər evlərində gənclərin maraqlarına uyğun fəaliyyət sayının və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin aparılması vacibdir. 

Görüləcək işlər çoxdur. Effektivliyi təmin etmək üçün nəticəyə əsaslanan, bütün qüvvələrdən səmərəli istifadə edən, gələcəyə ünvanlanan addımlar atmalıyıq. 

 

Fərid Qayıbov,

Gənclər və idman naziri