Nazirin Nöqteyi-Nəzəri №11
Düşərgə mövsümü
Əziz gənclər və idmançılar!
Əsasən iyul ayını əhatə edən növbəti hesabat xarakterli fikirlərimi pozitiv əhvalda diqqətinizə çatdırmaq üçün yetərincə səbəb var. İstər yeni ideya və layihələrin həyata keçirilməsi, istərsə də nəticələr baxımından əlamətdar olan bu müddətdə regionların fəallığı diqqəti xüsusilə cəlb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Ramanada yeni istifadəyə verilən idman mərkəzində yaradılmış şəraitlə tanış olması, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbulu etməsi dövlətimizin başçısının idmana dəstəyinin növbəti nümunəsi oldu.
“Şuşa ili”ndə mədəniyyət paytaxtımızda idman və gənclər tədbirləri baxımından ilk addımların atılması sevindirici oldu. Şuşamızın həm idman, həm də gənclər sahəsində beynəlxalq yarış və tədbirlərin məkanına çevrilməsi hər birimizə qalib xalqın nümayəndəsi qürurunu bir daha yaşatdı. “Əziz Şuşa” beynəlxalq veloturu Şuşada ilk idman yarışı olmaqla yanaşı, həm də unudulmaz görüntülərlə yadda qaldı.
Ay ərzində idmançılarımız iştirak etdikləri əksər nüfuzlu beynəlxalq yarışlardan uğurla qayıdıblar. Gimnastika, güləş, şahmat, atletika, üzgüçülük, çimərlik güləşi, atıcılıq, kikboksinq, cüdo, qılıncoynatma və digər idman növlərində 50-dək medal qazanılıb. “Qarabağ” futbol klubunun Polşa “Lex”ini, ardınca İsveçrə “Sürix”ini də keçərək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsi də mübariz komanda ruhunun və əzmkarlığın ən gözəl nümunəsidir. “Neftçi”nin UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Aris” komandasını keçməsi də hər birimizi sevindirdi. Hər iki komandamıza növbəti mərhələdə uğurlar arzulayıram.
Ölkəmiz son vaxtlar MMA idman növündə də ciddi uğurlar qazanmaqdadır. MMA döyüşçümüz Rafael Fiziyevin UFC-də Azərbaycan bayrağı altında ilk qələbəsi, eləcə də Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da qələbə ilə debütü, Vüqar Kərəmovun isə Rizin Qran-Prisində qalib gəlməsi son bir aya sığışan nailiyyətlərdən oldu. Daha bir idmançımız Nəriman Abbasovun “Dana White Contender Series” çərçivəsində ABŞ-da LFA çempionu braziliyalı İsmael Bonfimə qarşı döyüşdə uğur qazanacağına inanırıq.
Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşümüzdə iyunda yığma komandamızın qitə çempionluğunun bu idman növünün ölkəmizdə daha da inkişafına təkan verəcəyi barədə fikir mübadiləsi apardıq.
Beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüş ənənəmiz bu ay da davam etdi. Geniş formatda keçirdiyimiz görüşdə məşqçilər və federasiya nümayəndələri də iştirak etdilər. İdmançıların son vaxtlar qazandıqları qələbələri, qarşıdakı mötəbər yarışlara hazırlıq və təlim-məşqləri birlikdə müzakirə etdik. Yeniyetmələrin Yay Olimpiya Festivalında, eləcə də dünya və qitə çempionatlarında güləş, taekvondo, cüdo, qılıncoynatma növlərində uğurla çıxış etmiş idmançılarla görüşlərimizdə də onların hazırlıqları və uğurları barədə danışdıq. Üzgüçülük idmanı tarixində Avropa çempionatında ilk medalımızı qazanmış gənc idmançımız Ramil Vəlizadə, Ümumdünya Oyunlarının kikboksinq yarışlarının qalibi Bəhram Rəcəbzadə və UFC-də Azərbaycan bayrağı altında ilk qələbəsini qazanmış Rafael Fiziyevlə ilə görüşdə onları uğurlu çıxışları münasibəti ilə təbrik edib, yeni qələbələr arzuladıq. 44-cü Ümumdünya Şahmat Olimpiadasına yollanan yığma komanda üzvləri ilə də görüşüb onlara mötəbər yarışda uğurlar arzuladıq. Həmçinin bir qrup futbol veteranı ilə görüşərək ölkə çempionatı, klublar və milli yığma komanda ilə bağlı fikirlərini dinlədik. Avropa çempionatında uğurla çıxış etmiş basketbol üzrə U-18 milli komandamızla, eləcə də boks üzrə milli komandamızın üzvləri ilə görüşlər də pozitiv əhvalda keçdi.
Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüşümüzdə son vaxtlar görülmüş işləri, qarşıdakı yarışlara hazırlıqları və digər planları birgə müzakirə etdik. V İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq növlər üzrə federasiyaların nümayəndələri ilə digər görüşdə isə yarış öncəsi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edim ki, Azərbaycan ev sahibi Türkiyədən sonra bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Bəzi idman növlərində əsas heyətlərimiz iştirak etməsə də, inanırıq ki, komandamız layiqincə çıxış edəcək. İdmançılarımıza Konyada uğurlar arzulayıram. Qeyd edim ki, oyunların daha geniş təbliği və jurnalistlərimizin yarışları birbaşa idman meydanlarından dolğun işıqlandıra bilməsi üçün bu dəfə böyük tərkibdə media nümayəndələri də bizimlə birlikdə Konyada çalışacaqlar.
Ənənəvi olaraq, bölgələrə səfərlərimiz davam edir. Vətəndaş qəbulu çərçivəsində Beyləqanda ötən ay Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri ilə görüşdük. Hacıqabulda isə bu rayonun, eləcə də Şirvan şəhərinin sakinlərini qəbul etdik. Ölkəmizin bir sıra şəhər və rayonlarına səfər çərçivəsində Beyləqan, Horadiz və Ağdam Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə tanış olduq. Beyləqanda Gənclər Evinin fəaliyyəti ilə maraqlandıq. Horadiz Gənclər Evində də fəaliyyətin qurulması ilə bağlı müzakirələrimiz oldu. Hacıqabul şəhərində idman meydançasının vəziyyəti ilə tanış olduq. Burada gələcəkdə təmir imkanları ilə bağlı fikir mübadiləsi apardıq. Həmçinin Qaradağ rayonunun Ələt, Səngəçal və Puta qəsəbələrində, eləcə də Xəzər rayonunun Türkan qəsəbəsində uzun fasilədən sonra tikintisinin bərpa edilməsi nəzərdə tutulan idman zalları ilə də maraqlandıq.
“İdman hamı üçün” və “Sağlam həyat” layihələri təkcə Bakıda deyil, ölkəmizin bütün şəhər və rayonlarında geniş yayılmağa başlayıb. Həm yerli gənclər və idman idarələrinin, həm də Olimpiya idman komplekslərinin həftə sonları təşkil etdikləri əyləncəli idman oyunları əhalinin, xüsusən də, uşaq, yeniyetmə və gənclərin kütləvi idmana cəlb edilməsi baxımından təqdirə layiqdir.
Paytaxtdan kənarda daha bir kütləvi tədbir Göygöldə təşkil edilən Milli Yaylaq Festivalı oldu. Gənclər və İdman Nazirliyinin də dəstək verdiyi festivalda təşkil edilən “Sağlam həyat” günləri böyük maraqla qarşılandı. Müxtəlif növlər üzrə yaradılan idman zonalarında festival iştirakçıları idmanla məşğul olub, öz güclərini yoxladılar. Etno idman növlərində yarışlar, eləcə də gənc gimnastların göstərdiyi nümunəvi çıxışlar da böyük maraqla qarşılandı. Milli mənəvi dəyərlərin qorunması, təkcə dövlət qurumlarının deyil, bütün təşkilatların əsas ideoloji xətlərindən biridir.
Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalla görüş zamanı mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik.
Gənclər sahəsində çalışan mütəxəssislərimizin "Azərbaycan-Türkiyə Mütəxəssis Mübadilə Proqramı" çərçivəsində Türkiyədə təcrübə mübadiləsi, eləcə də Macarıstan paytaxtı Budapeştdə gənclərlə keyfiyyətli iş mövzusunda təlim seminarı gənclər siyasətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi baxımından önəmli oldu. Türkiyədə yaşayan pianoçu, əməkdar artist Turan Manafzadə ilə görüşdə əmin oldum ki, harda yaşamasından asılı olmayaraq, vətənpərvər və istedadlı gənclərimizlə əlaqələr daim diqqət mərkəzində saxlanmalıdır.
Gənclərin əylənərək öyrənməsi, qeyri-formal təhsil alətləri vasitəsilə fərdi və peşəkar inkişafa dəstək məqsədli fəaliyyət də çox önəmlidir. Bu məqsədlə Gənclər və İdman Nazirliyi gənclər üçün 30-dan artıq düşərgəyə start verib. İyul-avqust aylarını əhatə edən düşərgələrin proqramına əsasən əyləncəli tədbirlərlə yanaşı, hərbi-fiziki və fərdi inkişaf təlimləri, intellektual oyunlar, müxtəlif müsabiqə və yarışlar keçirilir. Astara, Yardımlı, Lənkəran, Mingəçevir, Tovuz, Goranboy, Şəki, Oğuz, Qazax, Xaçmaz, Qusar, Göygöl və Qaxda təşkil edilən düşərgələrə ölkənin bütün rayon və şəhərlərindən 2500-dən artıq gənc cəlb edilib.
Gənclərimiz beynəlxalq müstəvidə də fəal iştirak edirlər. Azərbaycanın fəal təmsil olunduğu qurumlardan biri də Qoşulmama Hərəkatıdır. Hərəkata üzv ölkələrdən olan gənclərin ölkəmizdə keçirilən Sammiti uğurla yekunlaşdı. Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciəti həm də gənclərə tövsiyə oldu. Sammitin sonuncu günündə Şuşada qəbul edilən qərarlar və yeni beynəlxalq gənclər təşkilatının məhz mədəniyyət paytaxtımızda elan edilməsi tarixi addımdır.
Şuşa şəhərində Diaspor Gənclərinin lll Yay Düşərgəsinin rəsmi açılış mərasimində də iştirak etdik. Düşərgədə 50 ölkəni təmsil edən 115 gənc iştirak edib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” müvafiq Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.
Qazanılan uğurlar bizi arxayınlaşdırmır. Çünki görüləcək işlər çoxdur. İşimizin daha effektiv olması üçün yeniliklərə açıq olmalı, fəaliyətimizin əhatəsini genişləndirməkdə davam etməliyik. İstər idman, istər də gənclər sahəsində.
Fərid Qayıbov
Gənclər və idman naziri