Date: 2022 October 05
Source:

Nazirin Nöqteyi-Nəzəri №13

Yeni qələbələr

Əziz gənclər və idmançılar!

Ay ərzində Avropa və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə müxtəlif idman növlərində Azərbaycan idmançıları 80-dən çox medal qazanıblar. Bu medalların 21-i Türkiyədə keçirilən 4-cü Dünya Köçəri Oyunlarında əldə edilib. Bir sıra idman növlərində isə ilklərin şahidi olduq.

Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qadınlar arasında Avropa çempionatında medal qazanmaqla tarixi uğura imza atdılar. Çünki indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur.

Azərbaycan gimnastika tarixində də yeni səhifə açıldı. Qrup hərəkətləri komandamız dünya çempionatında ilk dəfə medal qazandı. Cüdo üzrə gənclərdən ibarət komandamız da Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal əldə etdi.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması, eləcə də paracüdoçumuz İlham Zəkiyevin səkkizinci dəfə Avropa çempionluğu da əlamətdar hadisələrdən oldu.

Beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla iki dəfə geniş tərkibdə görüşümüz oldu. Hər iki görüşdə Avropa və dünya çempionatlarında, eləcə də digər nüfuzlu yarışlarda uğurla çıxış etmiş idmançılarımız hazırlıq prosesləri, uğurları və yarış təəssüratları barədə söhbət açdılar. Uğur qazanan bütün idmançılarımızı təbrik edirəm.

Sentyabr futbol azarkeşlərimiz üçün də sevindirici oldu. Əvvəlcə "Qarabağ" UEFA Avropa Liqasının qrup oyununda Fransa "Nant" klubuna 3:0 hesabı ilə qalib gəldi. Ardınca milli komandamızın Millətlər Liqasında əvvəlcə Slovakiyada əzmkar qələbəsi, sonra isə Bakıda Qazaxıstanı məğlub etməsi bizi sevindirdi.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirildi. Tədbirdə İƏT-in IV konfransının sədri qismində çıxış edərək ölkəmizin konfransa sədrliyi dövründə görülmüş işlər barədə hesabatla çıxış etdim və konfransa sədrliyi Səudiyyə Ərəbistanı Krallığının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysala təhvil verdim. Tədbirdə çıxış edən digər ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür etdilər. Bildiyiniz kimi, pandemiya səbəbindən ölkəmizin bu təşkilata sədrliyi 2 il yox, 4 il davam etdi. Konfrans çərçivəsində şahzadə Əbdüləziz bin Turki Əl-Faysalla görüşdə isə idman sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə etdik.

Ötən ay daha bir beynəlxalq quruma – UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CİGEPS) Bürosunun onlayn formatda keçirilən 2-ci iclasına da sədrlik etdim. İclasda regional məsləhətləşmələrin nəticələri, təşkilatın işçi sənədlərinin layihəsi, gələn il martın 14-17-də Bakıda keçirilməsi planlaşdırılan bədən tərbiyəsi və idman üzrə məsul nazirlərin, yüksək səviyyəli şəxslərin 7-ci beynəlxalq konfransına hazırlıq və digər məsələləri müzakirə edib müəyyən qərarlar qəbul etdik.

Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 6-cı iclasında iştirakım da məhsuldar keçdi. İclasda çıxışım zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclər və idman sahəsində əməkdaşlıq və digər məsələlərə toxundum. Həmçinin səfər çərçivəsində Özbəkistanın idmanın inkişafı naziri Adkham İkramovla və Gənclərlə İş Agentliyinin direktoru Alişer Sadullayevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Bursada keçirilən 4-cü Dünya Köçəri Oyunlarının yarış və mədəniyyət sərgiləri ərazisinə də baş çəkdim və ölkəmizi təmsil edən idmançılarla görüşdüm və onlar üçün yaradılmış şəraitlə maraqlandım.

İdman federasiyalarının optimallaşdırılması prosesini də davam etdiririk. Daha 3 federasiyanın akkreditasiyası təsdiqləndi, 3-nün isə statusu dayandırıldı. Bununla da nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 29-a çatdı. Ümumilikdə isə 28 federasiyanın statusu dayandırılıb. Həmçinin ötən ay Azərbaycan Tennis Federasiyası və Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı və seçkiləri keçirildi. Seçilən bütün üzvlərə yeni fəaliyyətlərində uğurlar arzulayıram.

Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə görüşlərimiz də artıq ənənəvi hal alıb. Hər görüş yeni ideyalar və gələcək planlar baxımından daha effektiv olur. Sayca beşinci olan görüşdə V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmiş növlər üzrə federasiyaların nümayəndələri də iştirak etdilər. Bu dəfə fərqli məkanda – Bakı Gənclər Mərkəzində keçirilən toplantıda bir çox məsələləri müzakirə etdik.

Regionlarda ənənəvi vətəndaş qəbulu çərçivəsində Şəki şəhəri və Qax rayonu sakinlərini qəbul etdik. Bölgələrə səfər zamanı Gəncə İdman Sarayının tikintisi və Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olduq. Şəki Olimpiya İdman Kompleksində idman bölmələri ilə də maraqlandıq. Həmçinin Goranboy Olimpiya İdman Kompleksində, Gəncə və Samux şəhərlərində ağır atletika zallarının açılışlarında iştirak etdik. Bundan başqa, Şəkidə “Buta” məktəbəqədər təhsil müəssisəsində tikilməkdə olan ağır atletika zalı və İsmayıllı Uşaq-Gənclər Şahmat İdman Məktəbinin nəzdində istifadəyə verilmiş ağır atletika zalının fəaliyyəti ilə də tanış olduq.

Bakı Fransız Liseyində “Badminton uşaq bağçası” layihəsinin təqdimat mərasimində də iştirak etdik. Layihənin əsas məqsədi uşaqlarda badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etməkdir.

Bu günlərdə ölkəmizdə səfərdə olan amerikalı idman mütəxəssisləri, sərbəst güləş üzrə ikiqat Olimpiya, dördqat dünya çempionu Con Smit və dünya çempionatlarının ikiqat mükafatçısı Sali Robertslə də görüşdük. Görüşdə idman mütəxəssislərinin təcrübə mübadiləsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.

İdmançılarla yanaşı, gənclərlə də görüşlərimiz davam edir. Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvləri ilə görüşdə gənclər sahəsində görülən işlər, qarşıdakı hədəflər və gənclərin qarşılaşdıqları əsas çətinlikləri müzakirə etdik. Bir sıra mühüm məsələlər, xüsusən də gənclər arasında sağlam həyat tərzinin təşviqi və birgə layihələrin icrası məsələləri müzakirə olundu.

Gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgələrimiz sentyabr ayında da davam etdi. Ümumilikdə, son iki ay ərzində təşkil edilən 40-dan çox düşərgədə gənclər, yeniyetmə və uşaqlar aktiv həyat tərzi keçirməklə yanaşı, müxtəlif sahələr üzrə təcrübə qazandılar. Aktiv həyat tərzindən söz düşmüşkən, qeyd edim ki, “İdman hamı üçün” və “Sağlam həyat” layihələri də təkcə paytaxtda deyil, artıq bütün rayon və şəhərlərə yayılmaqla ənənə halını alıb.

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim mərhələsi, “Gənclərin hüquqları üzrə bacarıqların inkişaf etdirilməsi” mövzusunda seminar, qardaş Türkiyənin gənclər mərkəzlərinin nümayəndə heyətinin ölkəmizə səfəri və digər fəaliyyətlər gənclər siyasəti sahəsində görülən işlərin davamı oldu.

İşğaldan azad edilmiş ərazilərimizdə təşkil edilən beynəlxalq idman yarışları sırasına Suqovuşanda avarçəkmə və Şuşada velosiped turnirlərindən sonra şahmat da əlavə olundu. “Shusha Chess-2022” beynəlxalq şahmat turniri qədim Azərbaycan şəhəri Şuşada ikinci beynəlxalq yarış oldu.

Beynəlxalq idman qurumlarında Azərbaycan idman mütəxəssislərinin təmsil olunması sevindirici haldır. Son vaxtlar tendensiya halını alan bu proses bu dəfə Dünya Güləş Birliyinin (UWW) Konqresində davam etdi. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin növbəti dəfə təşkilatın Büro üzvü seçilməsi fərəhləndirici haldır.

Beləliklə, mühüm tədbirlərlə zəngin daha bir ayı uğurla başa vurduq. Qarşıda bizi daha məsul dövr gözləyir. İnanıram ki, ilin son aylarında uğurlarımız davam edəcək. 

Fərid Qayıbov
Gənclər və idman naziri