Date: 7/11/2017 2:00 AM
Source:

Azad Rəhimov: “. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitabları səyyar kitabxanadan əldə edə bilər”

Bu gün  Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından nazirliyin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsinə start verildi.

Tədbirdə nazir Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev iştirak edirdilər.

Media nümayəndələrinə müsahibəsi zamanı nazir Azad Rəhimov bildirdi ki, həyata keçirildiyi ilk ildən layihə çox uğurlu oldu. Məhz bunun nəticəsi olaraq kitabxananın aparıldığı bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Nazir ingilis, rus və azərbaycan dilində olan kitablarla bağlı 15 minə qədər müracitələrin olduğunu qeyd edib. 

Azad Rəhimov: “Hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var.  10 minə yaxın kitab  isə elektron versiyada mövcuddur. Kitabxanada həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitabları səyyar kitabxanadan əldə edə bilər”. 
A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layihənin hazırlandığını bildirib. Onun sözlərinə görə, yeni layihəyə əsasən oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: “Bu il Balakən rayonunun "Azərbaycanın gənclər paytaxtı" elan olunmasına görə ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün qalır. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”. 

Layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.

2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş layihə bu illər  ərzində Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şırvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırılmış, minlərlə oxucunu  əhatə etmişdir.

“Səyyar kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət  göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.

“Səyyar kitabxana” ilin sonuna qədər Azərbaycan Gənclər Paytaxtı 2017 Balakən rayonunda zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə fəaliyyət göstərəcək.