Prezident Mükafatçıları
Year: 2023

Adilə Həbib qızı Əliyeva

Əliyeva Adilə Həbib qızı 25 iyun 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə bitirmişdir. Rəşid Behbudov adına 2 saylı Onbirillik Musiqi məktəbində təhsil almış, təhsil müddətində müxtəlif yerli və xarici konsertlərdə, o cümlədən “Moskva dostlarını qarşılayır” Beynəlxalq Festivalında çıxış etmişdir. Spivakov laureatıdır. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş, 2019-cu ildə “Dünya iqtisadiyyatı” (ingilis dilində) ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 2020-2022-ci illərdə Böyük Britaniyanın Bristol Universitetində “Biznesin idarəedilməsi” ixtisası (MBA proqramı) üzrə magistr təhsili almışdır.2020-ci ilin sentyabr ayında “Chartered Management Institute”dan “Stratejik menecment və liderlik” üzrə 7-ci dərəcə diplomunu əldə etmişdir. Hazırda İnstitutun üzvüdür. 2017-ci ildə “Regional İnkişaf” İctimai Birliyində könüllülük fəaliyyətinə başlamış, müxtəlif inkişaf və təcrübə proqramlarında, təlim və seminarlarda, regionlarda həyata keçirilən aksiya və layihələrdə fəal iştirak etmişdir. 2019-cu ilin 1 avqust tarixindən İctimai Birlikdə əmək fəaliyyətinə başlayaraq Layihələr şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi vəzifələrində çalışmışdır. 2022-ci ilin 1 noyabr tarixindən Layihələr və könüllülərlə iş şöbəsinin layihə koordinatoru vəzifəsini icra edir. 2021-ci ildən Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən təşkil olunan müxtəlif təlim, seminar və layihələrdə iştirak edərək sertifikatlarla təltif olunmuşdur. 2022-ci ilin 1-3 mart tarixlərində Qusar rayonunda keçirilən Azərbaycan və Rusiyanın I Gənclər Təşəbbüsləri Forumunda təqdimatla çıxış etmiş, 19-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva və Nijni Novqorod şəhərlərində keçirilən Rusiya və Azərbaycanın II Gənclər Təşəbbüsləri Forumunun iştirakçısı olmuşdur. 2019-2022-ci illərdə “Regional İnkişaf” İctimai Birliyində müxtəlif layihə və tədbirlərin təşkil olunmasında, “Biz birlikdə güclüyük” şüarı altında keçirilən sosial aksiya, paytaxt və regionlarda təbiətin və ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması, əhalinin ekoloji maarifləndirilməsi və cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılmasına yönəlmiş layihələrin, aidiyyəti qurumlarla əməkdaşlıq əsasında, xüsusilə regionlarda həyata keçirillən tibb aksiyalarının, həkimlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan konfrans və simpoziumların, gənclər, yeniyetmələr və uşaqlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən idman layihələri, turizm obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi və işçi heyətinin təcrübələrinin artırılması, ölkəmizdə startap hərəkatının genişləndirilməsi sahəsində layihə və tədbirlərin keçirilməsində iştirak etmişdir. “Regional İnkişaf” İctimai Birliyində Avropa İttifaqı, BMT-nin Uşaq Fondu, BMT-nin Əhali Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Ümumdünya Səhiyyə Təşkilatı, bp şirkəti ilə qurulmuş səmərəli əməkdaşlıq əsasında ölkəmizdə inklüziv təhsilin və cəmiyyətin inkişafı, erkən uşaqlıq dövründə inkişaf, gender bərabərliyinin təşviqi, uşaq hüquqlarının qorunması, koronavirus pandemiyası barədə əhalinin maarifləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması, sosial həssas kateqoriyadan olan şəxslərin sağlamlığının qorunması, regionlarda turizmin inkişafı, işğaldan azad olunmuş ərazilərə qayıdışda dayanıqlı icma quruculuğunun təşviqi və digər istiqamətlərdə bir sıra layihələrin icrasında iştirak etmişdir. Hərbi vəziyyət dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmişdir. A.Əliyeva “Regional İnkişaf” İctimai Birliyinin bütün regionlar üzrə fəaliyyət göstərən 1000-dən çox könüllülərinə vətənpərvərlik və sosial məsuliyyət hisslərinin aşılanması, onların fərdi inkişafına və uğurlu karyera əldə etmələrinə dəstək verilməsi, bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi olaraq təşkil olunan inkişaf və təcrübə proqramlarının hazırlanması və icrası, müxtəlif mövzularda təlim və seminarların həyata keçirilməsi, həmçinin könüllülərin bu cür sosial aksiya və layihələrə cəlb edilməsi istiqamətində fəaliyyət göstərir.