“31 mart-Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr olunmuş anım tədbiri keçirildi
29 mart tarixində Sabunçu rayon Gənclər Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Virtual Qarabağ İKT Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Bakı Dövlət Universitetinin dossenti Atamoğlan Məmmədli, Sabunçu rayon Yeni Azərbaycan Partiyasının Təşkilat sədri Mehriban Abasquliyeva, habelə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, respublikada fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edirdilər.
Tədbir erməni daşnakları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Daha sonra 31 mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirildi. Sonra söz tədbirə dəvət edilmiş qonaqlara verildi. Çıxış edən natiqlər 1918-ci ilin 31 mart tarixində, habelə tarixin sonrakı mərhələlərində xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərdən danışaraq bunun təkcə xalqımıza qarşı deyil, regionda yerləşən digər xalqlarında başına gətirildiyini vurğuladılar. O da, bildirildi ki, bütün günahsız soydaşlarımızın və şəhidlərimizin ruhu yalnız torpaqlarımız erməni işğalından azad edildikdə rahat olacaqdır. Odur ki, bütün Azərbaycan gəncliyinə yaddaşlarında bu tarixi hadisələri möhkəm saxlamağı və onun bir daha baş verməməsi üçün erməni millətçiliyi ilə mübarizəyə daim hazır olmaları tövsiyə olundu.