Tarix: 2014 oktyabr 24
Mənbə: http://mys.gov.az

Bizim sahibkarlıq fəaliyyətimiz - (Enactus)

Bizim sahibkarlıq fəaliyyətimiz - (Enactus)

2005-ci ildən Azərbaycan “SİFE – Enactus” proqramına qoşulmuş, 2006-cı ildən isə Dünya Kuboku yarışlarında iştirak etmək hüququnu əldə etmişdir. Dünya üzrə “Enactus” proqramına 40 yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulmuşdur. Qeyd etmək lazımdır ki, “Enactus” proqramı – biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır

Beynəlxalq proqram üzrə IX milli yarış 30-31 may 2014-cü il tarixdə 11 tələbə gənclər komandası tərəfindən icra olunmuş 30 layihənin təqdimatı ilə aparılmışdır.

“Enactus” proqramı üzrə milli yarışın keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru dəyişdirilməsidir.

Yarışda iştirakçı komandalar 2 liqaya bölünərək qalibiyyət uğrunda mübarizə aparmışdır. Dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən ibarət münsiflər heyəti “innovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə” və digər meyarlara əsaslanaraq qalib komandanı seçmişdir.

“Arı südü”, “Herba Us” və “Piezo elementləri” layihələri ilə Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2014-cü ilin qalibi elan olunmuşdur.

22-24 oktyabr 2014-cü il tarixdə Çinin paytaxtı Pekin şəhərində keçirilmiş Dünya Kuboku yarışına Azərbaycan komandası ezam olunmuşdur. Hindistan, Puerto-Riko və Misirlə bir qrupda mübarizə aparan komandamız uğurlu təqdimat etməyə bacarmışdır. Qrupumuzun qalibi seçilmiş Puerto-Riko komandası finala qədər yüksəlməyə nail olmuş və Dünya Kuboku yarışının III olmuşdur. Dünya Kubokunun qalibi isə Şimali Çinin Elektrik Enerjisi Universitetinin komandası seçilmişdir.