“Günahsız günahkarlar”
Gənclər və İdman Nazirliyi tərəfindən sifariş olunmuş və Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş teatr tamaşasının premyerası 19 may 2014-cü il tarixdə Azərbaycan Gənc Tamaşaçılar Teatrında nümayiş etdirildi. Tamaşa müasir dövrün qlobal problemlərindən olan insan alverinə həsr edilib.
Tamaşa gənclər arasında məşhur olan “Mafiya” oyunu üzərində qurulub. Tamaşa boyu hadisələr oyun içərisində cərəyan edir. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? Bütün bu suallar tamaşada öz cavabını tapır.