Gənclərin insan hüquqları üzrə maarifləndirilməsi
Gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini insan hüquqlarının qorunmasına cəlb etmək və gənclərin insan hüquqları ilə bağlı biliklərinin artırmaq məqsədilə Gənclər və İdman Nazirliyi və “Addım” Yaradıcı Gənclər Assosiasiyası 2014-cü ilin aprel-iyun ayları ərzində “İnsan hüquqlarına dair” gənclər arasında qısametrajlı filmlər müsabiqəsini keçirmişdir. Müsabiqənin təşkil edilməsi üçün öncə Bakı şəhərində insan hüquqları sahəsinə aid olan mövzularda təlim kursu keçirilmişdir. 3 gün müddətində davam edən təlimlər tanınmış incəsənət adamları-kinoşünas, dramaturq, prodüser və hüquqşünas tərəfindən keçirilmiş və tematik filmlər nümayiş etdirilmişdir.
Təlim kursunun davamı olaraq, may-iyun aylarında iştirakçılar tərəfindən 25 qısametrajlı film və sosial çarx hazırlamışlar. Videoların yüksək keyfiyyətdə alınması üçün bütün iştirakçılara montaj, səsyazma və digər texniki dəstək imkanları yaradılmışdır.
Yekun nəticə olaraq, gənclərin hazırladığı videolar arasından 10 qısametrajlı film seçilərək final mərhələsinə buraxılmışdır.
19 iyun 2014-cü il tarixdə müsabiqə qaliblərinin müəyyənləşdirilməsi və mükafatlandırılma mərasimi keçirilmişdir. Peşəkar münsiflərin qərarı ilə Orxan Cahangirin “Gəlincik” filmi 1-ci yerə, Cavanşir Eladisoyun “Düşüncəm” filmi 2-ci yerə və Namiq Zeynalovun “Özgə uşaq olmur” filmi 3-cü yerə layiq görülmüşdür.