Sağlamlığını qoru!
2014-cü il aprelin 7-də Bakı şəhərinin Binəqədi rayonunda Ümumdünya fiziki aktivlik gününə həsr olunmuş aksiya keçirildi.
Fiziki passivlik dünyada baş verən ölüm hadisələrinin ən əhəmiyyətli risk faktorlarından biri hesab edilir. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə insanların sağlamlığına təsir edir. Aksiyanın məqsədi də əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Fləşmobla başlayan aksiyanın rəsmi açılışından sonra fərdi estafet (kisələrlə tarazlıq, futbol, hokkey, tennis və basketbol) və ailəvi (ata, ana və uşaq) yarışlar keçirildi. Fiziki aktivliklə bağlı bir sıra müsabiqələr təşkil olundu. Müsabiqələrdə sağlamlıq imkanları məhdud olan uşaqlar və gənc ailələr də iştirak etdilər. Tədbirin bədii hissəsində müğənnilər və akrobatlar çıxış etdilər. Sonda aksiyada iştirak edən bütün şagirdlər sertifikat və medallarla təltif olundular, 1, 2, 3-cü yerləri tutan məktəblilər isə diplom, kubok və digər hədiyyələrlə mükafatlandırıldılar.