Fəaliyyət İstiqamətləri

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Yaradıcı və istedadlı gənclərlə iş paralel olaraq bir neçə istiqamətdə aparılır.

Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin aşkar olunması, onlarla fərdi işin qurulması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi - Bu sahədə davamlı olaraq müxtəlif mədəni-maarif tədbirləri - festivallar, sərgilər, müsabiqələr keçirilir. İstedadlı və yaradıcı gənclərə göstərilən dövlət dəstəyinin ünvanlılığının və səmərəliliyinin artırılması məqsədilə mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, ustad dərsləri, sənətə baxış kimi tədbirlərin həyata keçirilməsinə üstünlük verilir, yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılır.

Gənclərin elmə marağının və elmi sahədə iştirakının artırılması, gənc alimlərin imkanlarının üzə çıxarılması və elmi fəaliyyətinin stimullaşdırılması da daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu məqsədlə mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli konfranslar, forumlar, toplantılar həyata keçirilir.

İstedadlı gənclərin əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulların yaradılması məqsədilə yeni mükafatlar təsis edilir, hər il müxtəlif yaradıcılıq sahələri üzrə yüksək nailiyyətlər əldə etmiş istedadlı və yaradıcı gənclər mükafatlandırılır.

Gənclərin mədəni əlaqələrinin qurulması məqsədilə mütəmadi olaraq respublikada müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir, istedadlı gənclərin və gənc alimlərin beynəlxalq mübadiləsi dəstəklənir, beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Gənclərin intellektual inkişafının dəstəklənməsi, onlar arasında intellektual oyun növlərinin təbliğ edilməsi - Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq əsas hədəflərdən biridir. Ölkədə intellektual hərəkatın inkişafı və gənclərin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması üçün silsiləvi tədbirlər həyata keçirilir. Bu məqsədlə gənclər arasında müxtəlif intellektual oyun növləri təbliğ edilir, ənənəvi oyun növləri üzrə respublika və beynəlxalq səviyyəli çempionatlar, yarışlar, turnirlər təşkil edilir, respublikanın müxtəlif regionlarında intellektual klublar yaradılır.

Gənclərin asudə vaxtının səmərəli təşkili - Gənclərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasına və intellektual inkişafına yönəlmiş tədbirlər eyni zamanda onların asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Gənclərin asudə vaxtının fərdi inkişaf üçün istifadə etməyə maraqlandırmaq məqsədilə müxtəlif televiziya layihələri hazırlanaraq yerli telekanallarda yayımlanır. Eyni zamanda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər üçün mövsümi düşərgələr təşkil olunur, gənclərin yerli və beynəlxalq düşərgələrdə iştirakı təmin olunur.

Yüklə
Yaradıcı Gənclər