Dünyanın gənc alimləri Bakıda
Son illərdə ölkədə elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunması bir zərurətə çevrilmişdir. Məhz bu səbəbdən Azərbaycanın gənc alimləri ilə dünya alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, azərbaycanlı alimlərin dünya elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsinə diqqət artırılmışdır. Bakıda "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" Dünya Gənc Alimlərinin Beynəlxalq Forumunun təşkil edilməsi bu sahədə atılan uğurlu addımlardan biri olmuşdur. Forum 26-31 may 2014-cü il tarixlərdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Forumunun keçirilməsi ilə bağlı ilk təklif 2013-cü ilin may ayında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilmiş Avropa Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda səsləndirilmişdir. Həmin foruma 32 Avropa ölkəsindən 172 nəfər qatılmışdı. Dünya Forumunda iştirak ilə bağlı 96 ölkədən 1100 ərizə daxil olmuş, onlardan seçim əsasında 400-ə yaxın gənc alim tədbirdə iştirak etmişdir. Gənc alimlərin Forumunda YUNESKO-nun Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin Təhsil Nazirinin müavini Hao Ping, Çernoqoriya Elm və İncəsənət Akademiyasının prezidenti Momir Curoviç, Barselonanın Elmlər Akademiyasının prezidenti Xaima Qil Aluksa və digər rəsmi qonaqlar, professor və ekspertlər də iştirak etmişlər.
May ayının 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Forumun açılış mərasimi keçirilmişdir. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubu səsləndirilmişdir. Tədbirdə iştirak edən dövlət rəsmilərinin çıxışından sonra 3 paralel sessiyada xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışları dinlənilmişdir. Proqrama əsasən növbəti gün Forum öz işini seksiyalarda müzakirələr ilə davam etdirmişdir.
- “Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi” (dəqiq və texniki elmlər);
- “Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər” (tibb, biologiya və kimya);
- “Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənnlərarası yanaşma” (ekologiya və kənd təsərrüfatı)
- “İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi" (iqtisadiyyat və sosiologiya);
- “Müasir dünyada sosial və humanitar elmlərin problemləri” (tarix, fəlsəfə və mədəniyyət).
Foruma qatılan xarici alimlərin hər birinə elmi məruzə və ya məqalə ilə çıxış etmək imkanı verilmişdir. Elmi məqalələr 2 cildlik xüsusi topluda nəşr olunub, iştirakçılara paylanılmışdır.
Bununla da müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlıq və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və ideyaların mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əhəmiyyətli olan Forumun işi uğurla yekunlaşmışdır.