Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum
Bakı Gənclər Siyasəti üzrə Birinci Qlobal Foruma ev sahibliyi etdi
28-30 oktyabr 2014-cü il tarixlərdə Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı, BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirildi. Forum Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanın sədrliyi çərçivəsində təşkil edilmişdir.
Forumun əsas məqsədi müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqətin artırılması, gənclər siyasəti üzrə dünya ekspertlərini bir araya gətirərək, mövcud təcrübənin təhlil edilməsi, dövlət gənclər siyasəti standartlarının müəyyən edilməsi idi.
Forumda 165 ölkədən 705 nəfər hökumət nümayəndəsi, ekspert, gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak etdilər. İştirakçılar arasında hökumət və qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələri, gənclər siyasəti üzrə ekspertlər, KİV nümayəndələri, BMT agentlikləri və digər təşkilatçı qurumların (UNDP, UNESCO, Council of Europe) təmsilçiləri var idi.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış məktubu səsləndirildi və Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Ban Ki-munun videomüraciəti nümayiş etdirildi. Qeyd edək ki, növbəti gün Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edərək Azərbaycanın apardığı dövlət gənclər siyasəti haqqında geniş məlumat təqdim etdi, əldə olunan uğur və növbəti hədəflər haqqında söz açdı. Cənab Prezidentin çıxışında Azərbaycanın gənc müstəqil dövlət olmasına baxmayaraq, öz gənclər siyasəti modelinə malik olduğu xüsusi olaraq qeyd edildi.
Üç iş günü ərzində tədbirdə aşağıdakı mövzularda 4 plenar və 24 panel sessiyada müzakirələr keçirildi:
Plenar iclaslar
- “Gənclər üzrə Beynəlxalq Fəaliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar”
- “Müasir gənclər siyasətinin əsas elementləri”
- “Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər”
- “Ebolaya cavab tədbirləri üçün gənclərin səfərbərliyi” (videokonfrans formatında)
1-ci gün (13 panel sessiya)
“Təhsil”, “Məşğulluq və Sahibkarlıq”, “Urbanizasiya və Yaşayış”, “Səhiyyə”, “İştirakçılıq”, “Könüllülük”, “Asudə vaxtın təşkili”, “Gender Bərabərliyi”, “Ədalət”, “Sülh və Təhlükəsizlik”, “Sosial ayrıseçkilik”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “Ətraf mühit”
2-ci gün (6 panel sessiya)
“Gənclər siyasətinin formalaşdırılması üzrə qanunvericilik çərçivəsi”, “Gənclər siyasətinin hazırlanmasında statistika və məlumatın əhəmiyyəti”, “Gənclər siyasəti sektorlararası əməkdaşlıq müstəvisində”, “Gənclər siyasətinin hazırlanması və icrasında müxtəlif maraqlı tərəflərin cəlb olunması strategiyası”, “Siyasi iradə və resursların cəlb olunması”, “Monitorinq və qiymətləndirmə sistemlərinin formalaşdırılması”.
3-cü gün ərzində növbəti 10 ildə gənclər siyasətinin inkişaf perspektivlərinə həsr edilmiş 5 regional sessiya təşkil edildi.
Müxtəlif istiqamətlər üzrə plenar iclas və sessiyalarda iştirak etmək hüququ ilə bərabər hökumət nümayəndələri bir sıra ikitərəfli görüşlər keçirib gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər. Eyni zamanda, tədbir çərçivəsində Forum tərəfdaşları tərəfindən beynəlxalq, regional və yerli (ölkə) səviyyədə aparılan gənclər siyasətinə həsr olunan sərgi də təşkil edilmişdir. Sərgidə təqdim edilən foto və videomateriallar həm gənclərin, həm gənclər siyasəti sahəsində nüfuza malik olan ekpertlərin böyük marağına səbəb oldu.
Birinci Qlobal Forumun sonunda “Gənclər Siyasəti üzrə Bakı Öhdəlikləri” (Baku Commitment to Youth Policies) sənədi qəbul olundu. Sənəd tövsiyə xarakteri daşımasına baxmayaraq, gənclər siyasəti sahəsində qlobal miqyasda qəbul olunan və konseptual xarakter daşıyan ilk sənəd oldu