Kompyuter oyunları üzrə 6-cı dünya çempionatı
Bakıda Kompyuter oyunları üzrə 6-cı dünya çempionatı keçirildi
Son illərdə dünyada kompyuter oyunlarına sürətlə artan maraq, bu istiqamətdə aparılan fəaliyyəti nizamlamaq, onu dünyada mövcud olan norma və qaydalar çərçivəsinə salmaq zərurəti yaratmışdır. Bu məqsədilə Beynəlxalq Kiber İdman Federasiyası (BKİF) yaradılmışdır. Federasiyanın qarşısında qoyulan hədəflər kiberidmanı populyarlaşdırmaq, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompyuter texnikasına marağını artırmaqdan ibarətdir. 2009-cu ildən başlayaraq BKİF-in təşkilatçılığı ilə hər il dünyanın müxtəlif ölkələrində Kompyuter oyunları üzrə Dünya Çempionatları keçirilir.
Ölkəmizdə kompyuter oyunlarına ildən-ilə artan marağı nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kompyuter oyunları üzrə 6-cı dünya çempionatının (The 6th e-Sport World Championship) Bakı şəhərində keçirilməsi ilə bağlı 2 sentyabr 2014-cü il tarixdə Sərəncam imzalamışdır.
13 noyabr 2014-cü il tarixdə Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kiber İdman Federasiyasının və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı ilə "Bakı Kristal Holl"da çempionatın açılış mərasimi keçirilmişdir. Çempionata 33 ölkədən 250-dən artıq iştirakçı qatılmışdır.
4 gün davam edən Çempionatda yarışlar aşağıda sadalanan kompyuter oyunlarını əhatə etmişdir:
- Dota 2 (Valve)
- Starcraft II
- Hearthstone (Blizzard)
- Ultra Street Fighter 4 (Capcom)
- Tekken Tag Tournament 2 (Namco Bandai)
Yarışın ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil etmişdir ki, bu da öz növbəsində əvvəlki Kompyuter Oyunları üzrə Dünya Çempionatları tarixində ən böyük mükafat fondu olmuşdur.
Yarışın nəticələrinə gorə ən yüksək bal toplamış Cənubi Koreyanın yığma komandası 1-ci, Çin yığması – 2-ci və Finləndiya yığması – 3-cü yerləri aralarında bölüşdürmüşlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan yığması qaliblər sırasına düşməsə də, komandamızın sərgilədiyi oyun ölkəmizin ümumi reytinqinə müsbət təsir göstərmişdir.