Tarix: 06.06.2017 17:05
Mənbə:

“İşğal altında: Şuşa. Qisas” kompyuter oyununun təqdimat mərasimi keçirildi

“Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında “İşğal altında: Şuşa. Qisas” kompyuter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  Nəqliyyat, Rabitə və Yüksək texnalogiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa rayon icra başçısı Bayram Səfərov, milli məclisin deputatları,  rəsmilər, qonaqlar və gənclər iştirak edirdilər.

“İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənmiş və inkişaf etdirilmişdir.
4 səviyyədən ibarət olan yeni versiya müxtəlif məkanlarda yer alır. Düşmənin növbəti təxribatından sonra Azərbaycan ordusu işğal olunmuş torpaqları azad etmək qərarına gəlir. Hadisələr Şuşa şəhərində, baş qəhrəman hərbçi Emilin ətrafında cərəyan edir.
Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AzDimension şirkəti tərəfindən hazırlanmışdır. Daha öncə Nazirlik bu şirkət tərəfindən “İşğal altında: Ağdam” oyununun hazırlanmasını dəstəkləmişdir. 2017-ci ilin sonunda isə macəra trilleri janrında qurulmuş “Sonuncu Dalan” kompyuter oyununun istifadəyə verilməsi planlaşdırılır.
“Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə 3-ölçülü formatda hazırlanan “Şuşa” kitabı da, uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natəvan bulağı, Gövhər-ağa məscidi, Karvansaray və digər abidələr kitabın vərəqlərində canlanır.
Gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, gənclər arasında innovativ düşüncənin təşviq edilməsi və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və indiyə kimi gənclər siyasəti sahəsində həyata keçirilmiş Dövlət Proqramlarında əks olunub.