Date: 2013 oktyabr 21
Source:

Gənclər və İdman naziri cənab Azad Rəhimovun BMT Təhlükəsizlik Şurası Model Konfransındakı çıxışı

Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları,
Hər birinizi bu zalda salamlamaqdan qürur hissi duyuram.
İnanıram ki, BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya konfransının Bakıda keçirilməsi Azərbaycan gəncləri üçün mühüm və maraqlı bir hadisəyə çevriləcəkdir.
Möhtərəm BMT Baş Katibinin Gənclər üzrə Təmsilçisi,
Hörmətli Nazirlər, Əziz qonaqlar və Bakıda ilk dəfə olaraq keçirilən BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya konfransının iştirakçıları!
BMT Təhlükəsizlik Şurasının ''Kiber Təhlükəsizliyə'' həsr olunmuş Model Konfrasına ev sahibliyi etməkdən və hamınızı burada salamlamaqdan şərəf duyuruq.
Bildiyimiz kimi, informasiya texnologiyalarının inkişafı və informasiya axınının həyatımızdakı rolunun davamlı olaraq artması bizi ''İnformasiya Əsri'' adlı dövrə gətirmişdir. Müasir texnologiyalar gündəlik həyatımızın bütün sahələrinə nüfuz etmiş və bilik və texnologiyaya əsaslanan və ondan asılı olan çağdaş cəmiyyətin formalaşmasına səbəb olmuşdur. Bəzi fikirlərə görə, İnformasiya Əsri 20-ci əsrin sonunda informasiyanın nəşri və komputer və komputer şəbəkələrində istifadə olunması sayəsində informasiyanın əlçatan olmasının başladığı dövrdür. Bu fikir informasiya əsrinin üstün cəhətini - hər növ informasiyanı əldə etməyin asan olmasını, lakin eyni zamanda da, düşünürəm ki, risk hesab olunan - informasiyanın sui-istifadəsini özündə əks etdirir. İnformasiya Əsrinin bu cəhəti şəxsi məlumatların qorunması, kiber cinayət və kiber təhlükəsizlik kimi məsələləri ortaya çıxarır.
Bu gün kiber təhlükəsizlik real təhlükə olaraq hal-hazırkı beynəlxalq müzakirələrin mövzusu və bütün dünyada milli siyasətlərin prioritetinə çevrilmişdir. Aparıcı ekspertlər və biznes nümayəndələri hökumət rəsmiləri ilə birgə bütün səviyyə və sahələrdə, o cümlədən sənaye və istehsalatda, bank sistemi, naviqasiya, telekommunikasiya və təbii ki, şəxsi məlumatların qorunmasında informasiya mübadiləsini təhlükəsiz etmək üçün problemdən çıxış yollarını axtarır.
Bu baxımdan, hal-hazırkı BMT Təhlükəsizlik Şurasının üzv ölkələrindən olan 45 gəncə Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı tərəfindən verilən imkan çox həlledici və ümidvericidir. Bir neçə gün ərzində 15 ölkənin gənc təmsilçiləri təmsil etdiyi ölkələrin elçisi olaraq yerli və beynəlxalq böhrandan çıxış yollarının araşdırılmasını öyrənəcək, müəyyən məsələlərdə razılığa gəlməyin çətinlikləri ilə qarşılaşacaq və eyni zamanda, araşdırma, danışıqlar və diplomatik sahədə bacarıqlarını inkişaf etdirəcək. Başqa sözlə, iştirakçılar kiber təhlükəsizlik və bu kimi mövzularda geniş məlumat əldə edəcək; bundan başqa, iştirakçılar beynəlxalq münasibətlər və dünyada baş verən proseslər haqda daha aydın təsəvvür əldə edəcək. Mən bu təcrübəni çox qiymətli hesab edirəm, ona görə ki, bu gənc insanlar sabahın beynəlxalq siyasətini formalaşdıracaq gələcək liderlərdir.
Mən həm də ümid edirəm ki, BMT Model Konfransı tərəfindən irəli sürülən proqram düşüncələrinizə də təsirsiz ötüşməyəcək və bu gənc iştirakçıların öz yaşıdları arasında kiber təhlükəsizlik üzrə prinsiplərin təşviqində daha fəal olmasına stimul verəcək. Bu, həmçinin təcrübə və mədəniyyətlərin mübadiləsi, əməkdaşlıq və düzgün məlumatların çatdırılması üçün böyük bir imkandır.
Əziz qonaqlar,
İki il əvvəl ölkəmiz müstəqil Azərbaycanın tarixində çox mühüm hadisəyə çevrilən BMT Təhlükəsiz Şurasına üzv ölkə seçilməsi ilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi BMT İnkişaf Proqramı ilə birgə Bakıda ilk dəfə olaraq keçirilən BMT Təhlükəsizlik Şurası Model Konfransının təşkil olunması ideyasını irəli sürmüşdür. Bundan başqa, bu oktyabrda Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Nisbətən kiçik ölkə olaraq, beynəlxalq ictimaiyyət tərəfindən bizə göstərilən etimada və kollektiv təhlükəsizliyə töhfə vermək imkan verildiyinə görə şərəf hissi duyuruq.
İnanıram ki, Bakıda ilk dəfə olaraq keçirilən BMT Təhlükəsizlik Şurası Model Konfransı verdiyimiz töhfənin qiymətli və mühüm bir hissəsinə çevriləcək.
Sizə uğurlu müzakirələr arzu edirəm! Diqqətinizə görə minnətdaram.