Date: 2022 dekabr 29
Source:

Nazirin Nöqteyi-Nəzəri №16

“Şuşa ili” - uğur ili

 

Əziz gənclər və idmançılar!

Uğurlar və yeniliklərlə zəngin daha bir ili geridə qoyuruq. Dekabr həm də hesabat ayı olduğundan nöqteyi-nəzərimizin ilin idman yekunlarına fokuslanması təbiidir. Sevindirici haldır ki, ili uğurla və sabaha inamla başa vururuq. Beynəlxalq yarışların sayı az olsa da, dekabrda idmançılarımız 30-dək medal qazandılar. Ümumilikdə isə, il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal qazanıblar. 

İlin sonu islahatlar baxımından da mühüm oldu. Dövlətimizin başçısı cənab İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, nazirliyin strukturunda 13 regional gənclər və idman idarəsi yaradılacaq. Bu qərar nazirliyin işinin daha da optimal qurulmasına xidmət edən islahatların tərkib hissəsidir. Regional idarəçilik metodu tərcübədə özünü doğruldub və yeni struktur bölgələrdə həm idman, həm də gənclər siyasətində işin effektivliyinə müsbət təsir edəcək.

Bu ay Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyi də qeyd olundu. Bu münasibətlə birgə yarışların Şəkidə təşkili bu idman növünün artıq təkcə paytaxtda deyil, regionlarda da inkişafının bir nümunəsi oldu. Federasiyanın inkişafının 20 illiyi son zamanlar dünya gimnastikasının mərkəzlərindən birinə çevrilmiş Milli Gimnastika Arenasında idman ictimaiyyətinin iştirakı ilə qeyd edildi. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə federasiya bu müddətdə böyük inkişaf yolu keçib və təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də nümunəvi federasiyaya çevrilib. 20 illik yubiley münasibətilə bütün gimnastika ailəsini, idman ictimaiyyətini təbrik edirəm.

Ənənəni davam etdirərək, qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə növbəti görüşümüzü keçirdik. Noyabr ayı ərzində fərqlənmiş kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat verdilər, onlarla maraqlı diskusiyalarımız oldu.

Fikrimcə, idman ictimaiyyəti nümayəndələri ilə görüşlərimiz də zəngin və faydalı keçdi. Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşdə tibbi təminat, idman fizioterapiyası məsələləri və növlər üzrə V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlilinin təqdimatı, milli komandaların tərkibi, texniki reqlament, yeni medallar, federasiyaların sosial media fəaliyyəti ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Qeyd edim ki, inkişaf üçün hər bir detal birlikdə müzakirə edilməli və optimal qərarlar verilməlidir.

İlk dəfə olaraq, bu ay paralimpiyaçılarımızla da ayrıca görüşümüz oldu. Milli Paralimpiya Komitəsinin nümayəndələri, yığma komandaların baş məşqçiləri və şəxsi məşqçilərlə görüşdə 2023-cü il üçün paralimpiya üzrə beynəlxalq yarışların və yarışlara hazırlıq üzrə təlim-məşq toplanışlarının ilkin təqvim planının hazırlanmasını, Uşaq Paralimpiya Hərəkatının inkişafını müzakirə etdik, məşqçi-mütəxəssislərin fikir və təkliflərini dinlədik. Görüşdən bir gün öncə isə paralimpiyaçılarımızın məşq şəraiti ilə də tanış olduq. Sumqayıtda yerləşən Paralimpiya İdman Kompleksinin mövcud vəziyyəti və fəaliyyəti ilə maraqlandıq. Kompleksin imkanlarından daha səmərəli istifadə edilməsi barədə fikir mübadiləsi apardıq. 

Xarici ölkələrlə idman və gənclər sahəsindəki ikitərəfli əlaqələrin də böyük əhəmiyyəti var.  Bu baxımdan İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşdə iki dost ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etdik.

8 Noyabr - Zəfər günü münasibətilə xeyriyyə məqsədilə keçirdiyimiz “Qələbə qaçışı”nda əldə edilmiş vəsaitlə daha bir xeyriyyə tədbiri - Şəhid övladları üçün düşərgə təşkil etdik. Bundan başqa Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində 140 şəhid və qazi övladları üçün qış düşərgəsi təşkil etdik. Şəhidlərimizin bizə əmanət olan övladları üçün bundan sonra da əlimizdən gələni etməliyik. Daha bir düşərgə isə “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində Mingəçevirdə oldu. 150-dən çox Azərbaycan könüllüsünün iştirakı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi” könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi və şəbəkələşməsi məqsədi daşıyır.

Fəxrlə deyə bilərəm ki, daha bir kütləvi sağlamlıq tədbirinin əsasını qoyduq. Ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirildi. 3 gün davam edən yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Üzgüçülük sağlamlıq üçün ən faydalı idman növlərindən biridir. Ölkəmizdə mövcud olimpiya idman komplekslərinin əksəriyyətində üzgüçülük hovuzlarını işlək vəziyyətə gətirməyə nail ola bilmişik. Bu imkanlardan hər yaşda vətəndaşlarımızın istifadə etməsini istərdik.

Dekabrın sonunda daha bir hadisənin - avarçəkmə ənənələrinin Bakıda, Xəzər dənizində bərpasının şahidi olduq. İnanıram ki, bir vaxtlar Bakı buxtasında məşhur olmuş bu idman növü paytaxtda yenidən inkişaf edəcək. Daha bir yenilik isə yeni idman növü olan padel üçün ilk kortun Bakı Su İdmanı Sarayının nəzdində istifadəyə verilməsi oldu. Son zamanlar dünyada populyarlıq qazanmış və maraqla oynanılan bu idman növünün ölkəmizdə də geniş yayılacağına inanıram. Bakıda “Crocus Fitness” klubu və "Ümid" taekvondo klubunun da açılışı oldu. Sağlam həyat tərzinin daha çox yayılması baxımından belə klubların sayı da artmalıdır.


“Nargis” Fondunun təşkil etdiyi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də akiv təmsil olundu. Maraqlı konsepsiya ilə tərtib olunmuş evdə ziyarətçilər üçün müxtəlif idman və əyləncəli fəaliyyətlərlə yanaşı, intellektual yarışlar, mini-qolf, corn hole, qol güləşi, stolüstü futbol və digər oyunlar ziyarətçilər tərəfindən maraqla qarşılandı. 

Nazirliyin ən effektiv layihələrindən biri olan "Yerli layihəsi"nin iştirakçıları ilə də görüşümüz oldu. Qeyd edim ki, region gənclərinin İT biliklərinin təkmilləşdirilməsinə dəstək verən, məşğulluq imkanlarını genişləndirən, həmçinin öz yaşadıqları regionlarını tərk etmədən məsafədən iş tapmalarına dəstək verən layihə davamlı olacaq. 

"Gənclərlə dialoq platforması" layihəsi çərçivəsində bu dəfə Bakı Dövlət Universitetində tələbələrlə görüşdük. Gənclərin müxtəlif mövzular üzrə təklif və ideyaları ilə maraqlanıb, onların sosial aktivlikləri və könüllülük fəaliyyətləri barədə fikir mübadiləsi apardıq.  İnteraktiv formada keçən görüşdə gənclər arasında idmanın təbliği, araşdırma əsaslı addımlar, intellektual potensialın artırılması məsələlərini də müzakirə etdik. “Gələcəyə hazır ol!” devizi ilə keçirilən ll Azərbaycan Karyera İnkişaf Forumunda da iştirak edik. Forumda gənclərin iş məsələlərinin dövlətin diqqət mərkəzində olduğunu vurğuladım və qeyd etdim ki, nazirlik olaraq bu istiqamətdə layihələrimiz davamlı olacaq. Gənclər Təşkilatları Milli Şurasının “Çay Məclisi” layihəsi çərçivəsində gənclər təşkilatları bir qrup nümayəndələri ilə görüşüm səmərəli oldu. Gənclər təşkilatlarının fəaliyyət standartları, gənclərin əsas çətinlikləri və həlli yolları, ən yaxşı beynəlxalq təcrübənin tətbiqi, regionlarda fəaliyyət və uzunmüddətli davamlı layihələrin icrası barədə fikir mübadiləsi apardıq.

“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində silsilə tədbirlər geniş miqyasda gəncləri öz ətrafında birləşdirdi. Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu isə silsilə tədbirlərin kulminasiyası oldu. 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının əməkdaşlığı və koordinasiyası baxımından da önəmli sayıla bilər. Tovuz 2022 Gənclər Paytaxtı çərçivəsində Gənclər Təşkilatlarının V Konqresi, Gənclərin “Yaradıcılıq emalatxanası”, eləcə də Gənclər evləri və gənclər təşkilatları tərəfindən müxtəlif layihələrin icrası gənclər siyasəti sahəsində görülən işlərin davamı oldu.

Gənclər və İdman Nazirliyi ilin qaliblərini bu il üç mərhələli obyektiv sorğu əsasında müəyyənləşdirdi. Olimpiya idman növləri üzrə federasiyaların təqdim etdikləri və səs verdikləri namizədləri izləyicilərin rəyini öyrənmək üçün sosial mediada paylaşdıq. Sonra isə, nazirlikdə xüsusi komissiyanın səsverməsinə təqdim edildi. Yekunda, hər 3 mərhələdə daha çox səs toplayanlar qalib elan edildi. Nəhayət, 2022-ci ilə idman ictimaiyyətimizlə birlikdə möhtəşəm tədbirlə yekun vurduq. İlin idman yekunlarına həsr edilmiş qala mərasimində 500-dən çox idmançı, məşqçi, mütəxəssis və federasiya rəhbərlərinin iştirakı ilə 19 nominasiya üzrə ilin qalibləri elan edildi və mükafatlandırıldı.

İl ərzində həm gənclər, həm də idman sahəsində kifayət qədər uğur əldə etdik. Bu təbii ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları və daimi dəstəyi sayəsində mümkün oldu. “Şuşa ili” çərçivəsində bu il qədim mədəniyyət paytaxtında bir sıra beynəlxalq və yerli tədbirlərimiz oldu. 2023-ci ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Gənclərə və idmançılara ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, növbəti ildə də qələbələr arzulayıram. Fürsətdən istifadə edərək, hər birinizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.



Fərid Qayıbov,
gənclər və idman naziri