Date: 2023 fevral 04
Source:

Nazirin Nöqteyi-Nəzəri №17

 

Əziz gənclər və idmançılar!

Yeni ilin ilk ayına pozitiv tədbirlə - dekabrda keçirilmiş “Birlikdə üzək” kütləvi yarışı qaliblərinə mükafatların təqdim edilməsi ilə başladıq. İlin ilk idman xəbəri də sevindirici oldu, şahmatçımız Günay Məmmədzadə Çindən qızıl medalla qayıtdı. Ümumilikdə isə, idmançılarımız ay ərzində 7 idman növündə 31 medal qazandılar. 2023-cü ilin ilk idman yarışını isə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Bakı bulvarında – Xəzər dənizində təşkil etdi. 

Şübhəsiz, idman ictimaiyyətimiz üçün ən böyük motivasiya dövlətimizin başçısı cənab İlham Əliyevin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirakı və idmançıları, idman mütəxəssislərini mükafatlandırması oldu. Ölkə prezidentinin idmanımızın bundan sonrakı uğurları, eləcə də Azərbaycan gəncliyi üçün prioritet məqsədlərə, əsl yol xəritəsinə çevriləcək dəyərli fikirləri də böyük maraqla dinlənildi. 

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarla görüşlərimiz artıq ənənə halını alıb. Yanvar ayında idmançılarla iki dəfə görüşümüz oldu. Hər iki görüşdə Vətənə medalla qayıtmış idmançılarımızın qələbə təəssüratlarını dinlədik və onlara yeni başlayan ildə yeni uğurlar arzuladıq. Yanvarın 9-da keçirdiyimiz ilk görüşdə Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş idman mütəxəssislərinə mükafatların təqdim edilməsi də fikrimcə gənc idmançılara da bir növ motivasiya oldu. Ötən ay təkcə idmançılarla deyil, vətəndaşlarla, Gənclər Evlərinin rəhbərləri ilə, eləcə də gənclərlə də görüşlərimiz oldu. İlin ilk vətəndaş qəbulunu Şamaxı və Qobustan rayonlarının sakinləri ilə keçirdik. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşümüzdə isə onların fəaliyyət istiqamətləri, nazirliklə sıx əməkdaşlıq məsələləri, qarşılaşdıqları çətinlikləri müzakirə etdik. Gənclərin ictimai fəallığının daha da artırılması, gənclərin sosial və məşğulluq problemlərinin həllinə yönəlmiş layihələr barədə fikir mübadiləsi apardıq.

Bölgələrdə idman infrastrukturunun möhkəmləndirilməsi də həmişə prioritet məsələdir. Bu baxımdan dövlətlə yanaşı sahibkarların, ictimai təşkilatların, o cümlədən idman federasiyalarının da fəaliyyəti vacibdir. Bu baxımdan Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə “Ağstafa Olimpiya İdman Klubu”nun və Sabirabad şəhərində cüdo təlim mərkəzinin istifadəyə verilməsi bu idman növünün həmin rayonda inkişafına böyük təkan verəcək. Federasiyanın bu son bir ildə regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Buna görə federasiya rəhbərliyinə təşəkkür edirəm. Azərbaycan Ağır Atletika Federasiyasının “Təkan” layihəsinin təqdimatını da xüsusi qeyd etmək istəyirəm. İdmanın inkişafı, infrastrukturun möhkəmlənməsi üçün ictimaiyyətin idmana dəstəyi gərəkdir. Məhz bu səbəbdən federasiyanın istifadəyə verdiyi “Təkan” platforması vasitəsilə istənilən şəxs istədiyi kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcək. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir.

Paytaxtın da maddi-texniki bazası diqqət mərkəzindədir. Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə növbəti tanışlığım oldu. Maştağa, Yeni Suraxanı və Xocasən qəsəbələrinin futbol meydançaları, Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zalları, Muşfiqabad qəsəbəsində idman kompleksinin, Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbi, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlandıq. Pirallahı qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin binasına da baxış keçirilib. Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin, eləcə də Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin fəaliyyəti ilə tanışlıq zamanı isə şəraitin yaxşılaşdırılması barədə fikir mübadiləsi apardıq. 

Beynəlxalq idman əlaqələri baxımından növbəti addım olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşdə idman sahəsində qarşılıqlı tərcübə mübadiləsi, birgə təlim məşqlər və digər məsələləri müzakirə etdik. Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ferqus Auldunla isə Azərbaycanla Böyük Britaniya arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Bu il üçün ilk Kollegiya iclasımız vacib qərarların qəbulu və maraqlı seçimlə yadda qaldı. Nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqləndi. “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edildi. İclasda “Gənclər paytaxtının” seçilməsi məsələsinə də baxıldı. Namizəd şəhərlərin maraqlı təqdimatlarından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il üçün, Lənkəran şəhəri isə 2024-cü il üçün “Gənclər paytaxtı” seçildilər. Hər iki şəhərin gənclərini bu münasibətlə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram.

Ölkəmizdə idman federasiyalarının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar da öz bəhrəsini verməkdədir. Bir çox federasiyaların fəaliyyətində effektivlik göz qabağındadır. Bu sözləri Azərbaycan Qış İdmanı Federasiyasına da aid etmək olar. Federasiya tərəfindən ölkəmizdə qış idman növlərinin inkişafı, yerli idmançıların yetişdirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Sevindirici hald;r ki, bu günlərdə Avropa Gəncləri Qış Olimpiya Festivalında ölkəmizi fiqurlu konkisürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva təmsil etdi. Eləcə də, yerli və gənc idmançılarımızın xizək alpinizmi üzrə Dünya Kubokunda iştirakı qış idman növlərində gələcək uğurlara doğru ilk addım oldu.

2023-cü il – Azərbaycanda “Heydər Əliyev İli”dir. Bu il 100 illik yubileyini qeyd edəcəyimiz Ümummilli Liderimizin xatirəsi və bizə miras qoyduğu ənənələr daim bizimlə yaşayacaq. Ən böyük mirası olan dövlətimiz isə Prezident İlham Əliyevin uğurlu siyasəti ilə günbəgün qüdrətlənir. Dövlətimizin başçısının 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıları mükafatlandırması, tövsiyə xarakterli çıxışı idmanın inkişafına, kütləviliyə və sağlam gəncliyə nail olmaq üçün gələcək yol xəritəsinə çevrildi. “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik” - deyən Prezidentimizin gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulaması və digər tövsiyələri qarşımıza yeni hədəflər və yeni tapşırıqlar qoydu. İnanıram ki, qarşıya qoyulmuş məqsədlərə doğru uğurla, #birkimibirlikdə addımlayacağıq. 

Fərid Qayıbov
Gənclər və idman naziri