Date: 2016 fevral 03
Source:

Gənclər günü gənclər mükafatlandırıldı

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin Nizami Kino Mərkəzində mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Şəmkir şəhərinin 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək əlamətdar gün münasibətilə gənclərə təbriklərini çatdırıb. Nazir bildirib ki, hər il fevralın 2-si ənənəvi olaraq Azərbaycan gəncliyi, həmçinin Gənclər və İdman Nazirliyi üçün hesabat günüdür. İyirmi il əvvəl bu tarixdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə müstəqilliyini yeni bərpa edən Azərbaycanda gənclərin birinci forumu keçirilib. Bununla da Ulu Öndər gəncləri ölkənin həyatında, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırdı, onların rolunu xüsusi vurğuladı. Azərbaycan gəncliyi də bu çağırışa layiq olduğunu fəaliyyəti ilə təsdiq edib. Bu müddətdə gənc nəslin mənəvi və fiziki sağlamlığı möhkəmlənib, onların təhsili, yaradıcılıq və təşəbbüskarlığı, iştirakçılığı artıb.
A.Rəhimov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilir. Hüquqi baza və infrastruktur formalaşıb və təkmilləşir, yeni iştirakçılıq formaları yaranır, gənclərin beynəlxalq əməkdaşlığı güclənir. Gənclərlə bağlı icra edilmiş iki Dövlət Proqramı 2025-ci ilədək dövrü əhatə edir. Gənclərin inkişaf strategiyası bütün kateqoriyalardan olan gənclərin maraqlarını diqqətdə saxlayıb, onların yaxından iştirakı ilə reallaşıb.
Nazir bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bir qrup gənclə görüş keçirib. Prezidentin gənclərə göstərdiyi diqqət hər birimiz üçün həm fərəh, həm də məsuliyyət və çağırışdır.
A.Rəhimov deyib: “2015-ci il gənclərimiz üçün işgüzar, uğurlu, xoş həyəcan və iftixarla dolu il olub. Azərbaycanda keçirilən ilk Avropa Oyunları təkcə mötəbər idman yarışı deyil, böyük tarixi-mədəni bayrama çevrildi. Oyunlar ölkəmizin və xalqımızın unikallığını, dövlət rəhbərinin siyasi iradəsini və nüfuzunu, dövlətimizin iqtisadi gücünü, əməli işini, etibarlı tərəfdaşlığını nümayiş etdirdi. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xüsusi diqqəti, yorulmaz fəaliyyəti nəticəsində birinci Avropa Oyunları bu hərəkatın tarixinə yüksək zövq, qüsursuz idarəetmə, səmimi münasibət, sülh və dostluq oyunları kimi yazıldı. Bir sözlə, Bakı-2015 əsl Olimpiya prinsiplərini yaşatdı. Bu böyük qələbədə gənclərin də payı var idi. Həm idmançılarımızın mətin mübarizəsi, həm də könüllülərin hazırlığı, təmənnasız fəaliyyəti, qonaqpərvərliyi hamı tərəfindən yüksək qiymətləndirildi”.
Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının 2015-ci ildə də yüksək səviyyədə davam etdirildiyini, gənclərimizin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan nazir ötən il ümumilikdə gənclərlə iş sahəsində 91 tədbirin keçirildiyini bildirib. Qeyd edib ki, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub.
Sonra 2016-cı il gənclər üçün Prezident mükafatlarına layiq görülmüş şəxslər təltif ediliblər.
Ölkəmizdə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərənlərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təqdim olunub.
Daha sonra Şəmkir şəhərinin 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, www.genclerpaytaxti.az saytında keçirilmiş onlayn səsvermədə üç minədək insan iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev şəhərin rəmzi açarını Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılova təqdim edib.
Sonda tanınmış incəsənət ustalarının konserti olub.

XXX               XXX                      XXX
Gənclər və İdman naziri Azad Rəhimovun cıxışı
Hörmətli tədbir iştirakçıları,
Əziz gənclər,
Xanımlar və cənablar,

İlk növbədə mən ölkənin bütün gənclərini Azərbaycan gəncləri günü münasibəti ilə ürəkdən təbrik edirəm, sizə ölkəmizin həyatında həmişə fəal olmağı, tarixində iz qoymağı arzu edirəm.
2 fevral bizim üçün ənənəvi olaraq hesabat günüdür. Düz 20 il əvvəl bu tarixdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə  müstəqilliyini yeni qazanmış Azərbaycanda Gənclərin I Forumu keçirildi. Bununla ulu öndər gəncləri ölkənin həyatında, dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırdı, onların xüsusi rolunu vurğuladı. Azərbaycan gəncliyi də bu çağırışa layiq olduğunu bütün fəaliyyəti ilə təsdiq edir. Bu müddətdə gənc nəslin mənəvi və fiziki sağlamlığı möhkəmlənmiş, qeyri-formal sahədə təhsili, yaradıcılıq və təşəbbüskarlığı, iştirakçılığı artmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilir. Hüquqi baza və infrastruktur formalaşıb və təkmilləşir, yeni iştirakçılıq formaları yaranır və dəstək alır, gənclərin beynəlxalq əməkdaşlığı güclənir. Gənclərlə bağlı icra edilmiş iki Dövlət Proqramı, 2025-ci ilədək dövrü əhatə edən gənclərin inkişaf Strategiyası bütün kateqoriyalardan olan gənclərin maraqlarını diqqətdə saxlayıb, onların yaxından iştirakı ilə reallaşdırılıb.  
Bildiyiniz kimi, 5 gün əvvəl  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir qrup gənclə görüş keçirib. Hər birimiz üçün Prezidentin gənclərə göstərdiyi diqqət həm fərəh, həm məsuliyyət və çağırışdır. Burada bu sözləri bir daha hatırlatmaq istəyirəm: "Gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm".  Qeyd edim ki, bu, möhtərəm Prezidentin gənclərlə 14-cü görüşü idi və təkcə bu rəqəm istənilən tarixi və coğrafi müqayisədə üstünlüyü ilə böyük məna daşıyır.
2015-ci il gənclərimiz üçün işguzar, uğurlu, xoş həyacan və iftixarla dolu il oldu. 12-28 iyun 2015-ci il tarixlərində Azərbaycanda keçirilən İlk Avropa Oyunları hamı üçün təkcə mötəbər idman yarışı deyil, böyük tarixi-mədəni bayrama çevrildi. Oyunlar ölkəmizin və xalqımızın unikallığını, dövlət rəhbərliyinin siyasi iradəsini və nüfuzunu, dövlətimizin iqtisadi gücünü, əməli işini, etibarlı tərəfdaşlığını nümayiş etdirdi. Azərbaycanın Birinci xanımı, Təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın xüsusi diqqəti, yorulmaz fəaliyyəti nəticəsində Birinci Avropa Oyunları bu hərəkatın tarixinə yüksək zövq, qüsursuz idarəetmə, səmimi münasibətlər, sülh və dostluq oyunları kimi yazıldı. Bir sözlə Bakı-2015 əsl Olimpiya prinsiplərini yaşatdı. Və bu böyük qələbədə gənclərin də payı var idi: həm idmançılarımızın mətin mübarizəsi, həm də könüllülərin yüksək hazırlığı, təmənnasız fəaliyyəti, qonaqpərvərliyi hamı tərəfindən qiymətləndirildi.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı könüllülərin fəaliyyətini çox yüksək qiymətləndirmişdir: “Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Bugünkü gənclər, müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir”.
2015-ci ildə gənclərə sosial xidmət göstərən müəssisələrin əhatə dairəsi genişləndi. 13 yanvar 2015-ci ildə cənab Prezidentin iştirakı ilə Sumqayıt şəhərində növbəti “Gənclər evi” istifadəyə verildi. Həmçinin Qaradağ rayonunda inşa edilmiş “Gənclər evi”nin açılışı baş tutdu, Binəqədi və Tovuz rayonlarında tikinti işləri başa çatdırıldı. Hazırda Bakı və regionlarda ümumi olaraq 34 Gənclər evi gənclərin istifadəsinə verilib.
Ötən il gənclərin elmə həvəsləndirilməsi məqsədi ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində on-line olimpiadaların keçirilməsi davam etdirildi. Gənclər arasında mədəni irsin qorunub saxlanılması, Azərbaycan tarixi və mədəniyyətinin təbliği məqsədilə Atəşgah Məbədi və Lənkəran rayonunda "Tarixin canlı səhifələri" Festivalları keçirildi.
Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər uğurla davam etdirilir. Gənclərin beynəlxalq münasibətlər və diplomatiya sahəsində bacarıqlarının inkişafı üçün Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “BMT Modeli” üzrə yay təlim düşərgəsi uğurla keçirilmişdir. Ümumilikdə 2015-ci il ərzində gənclərlə iş sahəsində 91 tədbir keçirilib, onlardan 76-ı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. Bu istiqamətdə 2015-ci ildə 199 nəfər xarici ölkələrə ezam olunmuş, 771 nəfər Azərbaycan Respublikasında qəbul edilmişdir.
Ötən il həmçinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekun ili oldu. Təhlil göstərir ki, bu proqram bir sıra əsaslı təməllər qoyub. Biz növbəti illərdə həmin təməllərə. əldə olunan nəticələrə və təcrübəyə əsaslanaraq inkişaf edəcəyik.
Bu il ölkəmizdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadası,  U-17 oğlanlar arasında futbol üzrə Avropa Çempionatının həlledici oyunları və Formula-1 üzrə Bakı Avropa Qran-Pri yarışlarının hazırlıqları uğurla davam etdirilir. İnanırıq ki, yarışlar yüksək səviyyədə təşkil olunacaq və biz Bakının tarixini və gözəlliyini Formula-1 azerkeşlərinin timsalında bir daha Avropaya nümayiş etdirəcəyik.
Əziz gənclər, sizə 2016-cı ildə böyük uğurlar və Azərbaycanın inamlı gələcəyinin quruluşunda fəal iştirakçılıq arzu edirəm.
Diqqətinizə görə çox sağ olun.