Interviewee: Azad Rəhimov
Tarix: 2014 dekabr 24

Azad Rəhimov: “İdmanımızı daha yüksək səviyyəyə qaldıracağıq”

Bu gün Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Sportpress.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən idmançılarımız və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Dövlət himinin səslənməsi ilə başlayan tədbirin əvvəlində 2014-cü ilin idman yekunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov əvvəlcə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısını bütün Azərbaycan idmançıları adından təbrik edib və xoş arzularını bildirib.
Azərbaycan idmançılarının 2014-cü ildə qazandığı uğurlardan danışan A.Rəhimov bildirib ki, bu il ərzində idmançılarımız 805 medal qazanıblar: “Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb”.
İdmançıların maddi-texniki bazasının daha da gücləndiyini deyən nazir qeyd edib ki, getdikcə idmançılarımızın da sayı çoxalır: “Bu, gələcək nəslin sağlamlığıdır. Biz bu işləri davam etdirəcəyik və idmanımızı daha yüksək səviyyəyə qaldıracağıq”.
İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan A.Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək: “Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik”.