Interviewee: Fərid Qayıbov
Tarix: 2022 dekabr 21

Fərid Qayıbov: Bu il idman və gənclər siyasəti sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qaldı

Məqsədimiz 2024-cü il Paris Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqdır

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin yekunları, bu il idmanda qazanılan uğurlar və nəticələrlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cənab nazir, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. İlk sualım başa çatmaqda olan illə bağlıdır. Siz bir il əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin olunmusunuz. Nəzərə alsaq ki, bu il həm ölkədə, həm də xaricdə bir sıra beynəlxalq idman yarışları keçirildi, sizcə başa çatmaqda olan bu ili Azərbaycan idmanı üçün necə dəyərləndirmək olar?

- Əvvəlcə idmanla bağlı yenilikləri daim gündəmdə saxladığınıza və işıqlandırmasında yaxından iştirakınıza görə sizə minnətdarlığımı bildirirəm. Tam bir il olar ki, bu vəzifədə işləyirəm. Hazırda ilin yekunlarına, nəticələrinə baxırıq. Ümumilikdə biz yarışlarla bağlı müəyyən təhlillər etməyə başlamışıq. Düşünürük ki, idmanımız üçün uğurlu il oldu. Belə ki, idmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər - biz burada xüsusilə İslam Həmrəyliyi Oyunlarını qeyd edə bilərik. Həmçinin Azərbaycanda böyük yarışlar keçirildi. İdmançılarımızın nəticələrinə baxsaq, bu ilin çoxlu ilklərlə yadda qaldığını görmək olar. Müxtəlif idman növlərində yeni nailiyyətlərimiz var. Elə idman növləri var ki, bu il bu idman növü üzrə beynəlxalq tədbirdə ilk dəfə medal qazanmışıq. Bundan başqa, bəzi idman növlərində atletlərimiz dünya çempionatlarında ilk medallara yiyələndilər. Demək olar ki, bu il hər federasiya qazandığı yeni uğurları ilə haqlı olaraq fəxr edə bilər. Bütün federasiyalara, idman klublarına minnətdarlığımı çatdırmaq istəyirəm. Ümumilikdə hər bir atletin idmanda müsbət nəticələr qazanması növbəti Olimpiya Oyunları arasındakı vaxtadəkdir. Məqsədimiz 2024-cü il Paris Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqdır. Növbəti Olimpiya Oyunları asan olmayacaq. 2021-ci ildəki Olimpiya Oyunlarındakı nəticələr məlumdur. Hazırlaşmağa vaxtımız hətta daha azdır. Çünki Paris Olimpiya Oyunlarına hazırlaşmağa dörd yox, üç il vaxtımız qalmışdı. Bildiyiniz kimi, sonuncu “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci ildə təşkil olunmuşdu. Düşünürəm ki, həm idmançılarımız, həm də yeni federasiyalarımız üçün çətin il keçdi. Bir çox federasiyaların rəhbərliyində dəyişikliklər baş verdi, yeni prezidentlər seçildi. Hazırda postpandemiya dövrünü yaşayırıq. Bu qənaətdəyəm ki, federasiyalar öz işlərini düzgün qura bildilər. 2023-cü il idman yarışları baxımından bundan da çətin il olacaq. Amma inanıram ki, daha yüksək nəticələr qazanacağıq.

- Bütün sahələrdə olduğu kimi, idman sahəsində də davamlı islahatlar həyata keçirilir. Bu islahatlar ölkə idmanının inkişafına necə təsir göstərir və daha nələr vəd edir?

- Hesab edirəm ki, islahatlar daim lazımdır. Çünki heç kim son illərdə COVID pandemiyasını gözləmirdi. Pandemiya nəinki idmanı, ümumiyyətlə, dünyanı dəyişdi. Pandemiyadan sonra idmanda bütün qaydalar yenidən nəzərdən keçirildi. 2020-ci ildə hər şey onlayn rejimə keçdi. Bu da bütün sahələrə, o cümlədən idmana da təsir göstərdi. Biz yarışlara hazırlaşarkən belə məsələləri artıq nəzərə alırıq ki, yenidən pandemiya və qapanma başlaya bilər. Hər hansı qaydanın üzərində çalışanda yeni reallıqları nəzərə almalıyıq. Odur ki, pandemiyadan sonra yeni çağırışlar yarandı. Bundan sonra Beynəlxalq Olimpiya Komitəsi tərəfindən beynəlxalq olimpiya hərəkatında qarşıya yeni məqsədlər qoyuldu. Son zamanlar dünyada baş verən hadisələr, üç Avropa ölkəsinin münaqişədə iştirakı bir çox məsələlərə yenidən baxmağa səbəb oldu. Bu proseslər idmana da təsir edir. Biz də bunları nəzərə alaraq daim islahatlar aparmalıyıq və bunu ənənəvi dəyərlərimizə uyğun etməyə çalışırıq. Lakin bu islahatlar düşünülmüş şəkildə aparılmalıdır. Əvvəlcədən hər bir məsələni dərindən araşdırmaq və sonra düzgün qərarlar qəbul etmək vacibdir. Hesab edirəm, son illər nazirlik federasiyalarla işləri normal şəkildə qura bilib. Gələcəkdə bu sahədə görəcəyimiz işlər çoxdur. Bunun üçün bir çox dəyişikliklərə ehtiyac var. Ona görə pillə-pillə və düşünülmüş şəkildə hədəflərə doğru irəliləyirik.

- Bu yaxınlarda Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Bu struktur islahatları gənclər və idman sahəsinin inkişafına necə təsir göstərəcək? Bununla bağlı gözləntiləriniz nədir və fikirlərinizi bilmək istərdik?

-Hər rayonda gənclər və idman idarələri var. Bu yaxınlarda struktur dəyişikləri oldu. Artıq biz regional idarəetməyə keçirik. Bir çox nazirliklər bu şəkildə işləyirlər. Biz də düşünürük belə fəaliyyət göstərək. Bundan əvvəl bu idarələr iki quruma tabe idi. İndi isə birbaşa tabe olan region idarələri olacaq. Bununla bağlı qurum olacaq, hər bir rayonda nümayəndəliklərimiz qalacaq. Təbii ki, bu strukturun təkmilləşdirilməsinin idarəçiliyə təsiri ola bilər. Yəni bizim hər bir işimiz birbaşa idman və gənclər sahələri ilə bağlıdır. Bu sərəncamla daha çox idarəçilik sisteminin dəyişilməsi nəzərdə tutulur. Bu strukturu müasirləşdirməyə çalışırıq. İnanıram ki, gələcəkdə bu təkmilləşdirilmə özünü doğruladacaq və lazımi töhfəsini görəcəyik.

- Gənclər siyasətində mühüm yer tutan hərbi vətənpərvərlik tərbiyəsi aktual məsələ olaraq qalır. Bu istiqamətdə atılan addımlar barədə məlumat verməyinizi xahiş edirik.

- Sizə nümunə olaraq bildirim ki, bu il nazirliyin dəstəyi ilə ilk dəfə hərbi vətənpərvərlik düşərgələri keçirildi. Çoxlu sayda yay düşərgələri oldu. İndi qış düşərgələrini təşkil etməyi planlaşdırırıq. Artıq bununla bağlı nazirliyin layihəsi mövcuddur. Amma yay düşərgələri çox oldu. Biz dövlətimizin başçısının tapşırığı ilə bunları regionlarda təşkil etdik. Bu düşərgələrə əsasən region gəncləri cəlb olundular. Mən özüm də həmin düşərgələrin bəzilərində iştirak etdim. Xüsusilə, Şəkidəki olimpiya kompleksində vətənpərvərlik mövzusunda keçirilən böyük düşərgəni qeyd etmək istərdim. Bütün bu düşərgələr arasında ən populyarı hərbi vətənpərvərlik mövzusunda olan düşərgələrdir. Bu daha çox maraqla qarşılanıb.

Gənclər bu düşərgələrin müddətinin uzadılmasının və belə layihələrin daha çox Qarabağda olmasını istədilər. Onlar istəyirlər eyni düşərgəyə bir neçə dəfə gəlsinlər. Bu düşərgə qızların daha çox marağına səbəb olub. Qızlar dedilər ki, bizi əsgərliyə aparmırlar, amma bizim üçün silahı əldə saxlamaq və onunla tanışlıq üçün yaxşı imkan oldu. Ümumiyyətlə, orada xüsusi təyinatlılar beş gün müddətində gənclərimizə ekstremal şəraitdə çox şey öyrətdilər. Gənclərimizdə böyük vətənpərvərlik ruhu var. Çox sevinirəm ki, gənclərimizin əksəriyyətini belə ruhda tərbiyə edə bilmişik və bu işləri bundan sonra da davam etdirəcəyik.

- Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman kompleksləri və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Eləcə də dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu sərəncamlardan irəli gələn məsələlərlə bağlı konkret yol xəritəniz varmı?

-Həm gənclər, həm də idman sahəsində müvafiq planlarımız var. Bu sənəd artıq təsdiqlənib. Ağdamda böyük idman kompleksinin, stadionun tikintisi planlaşdırılır. Bundan başqa, Qarabağda digər idman qurğularını da inşa etməyi nəzərdə tuturuq. Hazırda biz onların üzərində çalışırıq. Bəli, tapşırıq var, işlər gedir. Bir neçə rayonda idman qurğularının və komplekslərin inşası planlaşdırılır. İri rayonlarda daha böyük olimpiya idman kompleksləri olacaq. Kiçik rayonlarda idman zalları tikiləcək.

Qeyd edə bilərəm ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar bir neçə idman yarışı və gənclər üçün tədbirlər təşkil ediləcək. Bunlardan birinə artıq nazirliyin dəstəyi ilə start verilib. Hər həftənin şənbə və bazar günləri dövlət qurumları arasında futbol oyunları keçirilir. Əllidən çox dövlət qurumu bu futbol yarışında iştirak edir. Bu yarışlara bütün təşkilatlar çox ciddi yanaşıblar. Mənə hər həftə oyunlarla bağlı qurumların rəhbər səviyyələrində zənglər olur. Bu onu göstərir ki, bütün dövlət qurumlarında idmana diqqət var. Bu yarışlarda fəal iştirak etdikləri üçün onlara təşəkkürlərimi çatdırıram. Biz müşahidə edirik ki, bundan sonra da həmin idman istiqamətində layihələri daha da genişləndirməyə ehtiyac duyulur.

- Gələcəkdə Azərbaycanda gimnastika üzrə hansı beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub?

- Milli Gimnastika Arenasında gimnastika üzrə milli komandalar həm məşq edir, həm də burada müxtəlif yerli və beynəlxalq yarışlar keçirilir. Belə tədbirlər nə qədər çox keçirilsə, bu bir o qədər həmin idman növünün inkişafı üçün yaxşıdır. Belə ki, həm zal boş qalmır, həm də bu gimnastika idman növlərinin təbliğatı üçün vacibdir. Eyni zamanda beynəlxalq yarışlar müəyyən qədər iqtisadiyyatımıza fayda gətirir, əcnəbi idmançılar və turistlər ölkəmizə gəlirlər.

Ənənəvi olaraq Olimpiya Oyunlarına daxil olan üç idman növü üzrə dünya kuboklarının hamısı hər il Azərbaycanda keçirilir. Yarışda iştirakçıların sayı ildən-ilə artır. Bu dünya kuboklarına hər dəfə 40-a yaxın ölkənin idmançıları gəlirlər. Bundan əlavə, gimnastikanın müxtəlif növlərində bir neçə qitə və ya dünya çempionatları keçirilib. Növbəti ildə bədii gimnastika üzrə Avropa çempionatı və 3 dünya kuboku təşkil olunacaq.

Qeyd edim ki, bu, gimnastikamızın hərtərəfli təbliğatı üçün əlverişli tədbirlərdir. Həm arena yarışsız qalmır, həm də maliyyə baxımından yarış iştirakçıları nəqliyyat, qalmaq və qidalanma xərclərini özləri ödəyirlər. Hər dəfə 40-a yaxın ölkədən idmançılar Azərbaycana gəlir. Beləliklə, həm idmanımız təbliğ olunur, eyni zamanda, azarkeşlərimiz gimnastika növləri haqqında daha çox biliklərini artırırlar. Eləcə də onlar məşhur gimnastları görmək imkanı qazanırlar. İstərdim ki, Azərbaycanda bütün idman arenalarında yarışları daha çox azarkeş izləsin. Məsələn, biz tez-tez Parisdə idman gimnastikası üzrə dünya kuboku yarışlarına baxmaq üçün gedirik. Bu şəhərdə Paris Bersi adlanan rayonda tədbir keçirmək üçün bir il əvvəlcədən gərək tarix təyin edəsiniz. Təəssüflər olsun ki, bizim idman arenalarında hazırda vəziyyət belə ürəkaçan deyil. Amma istərdim ki, ölkəmizdəki idman arenalarında da davamlı şəkildə yarışlar təşkil olunsun. Tədbirlərin sayı daha da çox olsun ki, biz bir il əvvəlcədən tarixləri müəyyənləşdirərək oranı rezervasiya, ya bron edək.

Bakıda bir çox beynəlxalq idman yarışları keçirilir. Dünya idman ulduzları Azərbaycana gəlirlər. Azarkeşlərimizdən, paytaxt sakinlərindən xahiş edirəm ki, onlar bu gözəl şansı qaçırmasınlar və övladlarını götürərək yarışları izləməyə gəlsinlər. Bu son aylarda gördük ki, bəzən eyni həftədə iki beynəlxalq tədbir keçirilir. Məsələn, cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində 60-dan çox ölkə idmançısı iştirak edirdi. Paralel olaraq güləş üzrə dünya kuboku keçirilirdi. Dünyanın ən güclü cüdoçuları Azərbaycana gəlmişdi. Cüdoda idmançılarımızın sayı çoxdur. Həm rayonlarda, həm Bakıda minlərlə idmançımız var. Valideynlər bu idman növü ilə məşğul olan uşaqlarını dünyanın ən yaxşı idmançılarına baxmağa gətirə bilərlər. Güləşdə azarkeşlər daha çox idi. Yalnız cüdo deyil, bir çox idman növlərində vəziyyət eynidir. Xaricdə müxtəlif beynəlxalq yarışlarda iştirak edərkən görürük ki, həmin tədbir müddətində o şəhər idmanla yaşayır. Bu idman mədəniyyəti bizdə də yaranmalıdır. Adətən, bu idman yarışları şənbə və ya bazar günləri keçirilir. Odur ki, biz övladlarımızı götürüb idman yarışlarına baxmağa getməliyik. Belə yüksək səviyyədə yarışlar Azərbaycanda keçiriləndə mən çox istərdim ki, bizim tamaşaçılar da idman arenasına gəlsinlər. Biletlər qiymətlərinə görə hamıya əlçatandır.

AZƏRTAC