Bakıda “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans təşkil olunub
Mayın 1-də Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans təşkil olunub.
Konfrans iştirakçıları əvvəlcə İslam Həmrəyliyi Oyunlarından bəhs edən sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri İlqar Cəfərovun və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfovun müəllifi olduqları fotoşəkillər də nümayiş etdirilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfransı açaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir müavini milli komandamızın “Bakı-2017”də uğurla çıxış edəcəyinə əminliyini ifadə edib. A.Rəhimov Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunan 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Arenaların bu mötəbər yarışa tam hazır olduğunu bildirən nazir deyib: “57 ölkədən 3 mindən çox atlet idmanın 20 növü üzrə birincilik uğrunda mübarizə aparacaq. Oyunların təşkilində birlik, sülh, hörmət və mükəmməllik 4 əsas dəyər olaraq qəbul edilir. Artıq mayın 1-dən idmançıların və nümayəndə heyətlərinin Atletlər Kəndində yerləşdirilməsinə başlanılıb. Həmçinin ölkəmizə minədək rəsmi qonaq gələcək. Oyunlar üçün 500 mindən artıq bilet satışa çıxarılıb. Ümumiyyətlə, bütün işlər plan üzrə gedir”.
“İslam Həmrəyliyi Oyunları: Mədəniyyət və inkişaf üçün körpü” mövzusunda məruzə ilə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, “Bakı-2017” Azərbaycanın tarixində önəmli yeri olacaq. Tarixən İslam mədəniyyəti müasir mədəniyyətin formalaşmasında mühüm rol oynayıb. İslam Həmrəyliyi İdman Federasiyasının məqsədi yalnız idman yarışlarını keçirmək deyil, bu yarışlar vasitəsilə həm də İslam mədəniyyətini yenidən dirçəltməkdən və təbliğ etməkdən ibarətdir. IV İslam Həmrəyliyi Oyunları İslam dininin sülhsevər din olduğunu bir daha dünyaya nümayiş etdirəcək və iştirakçı ölkələrin yaddaşında parlaq xatirə kimi qalacaqdır.
Milli Məclisin deputatı, parlamentin gənclər və idman komitəsinin üzvü Rauf Əliyev “Qlobal idman tədbirlərinin regionlarda təzahürü” mövzusunda məruzəsi zamanı ölkəmizdə idmanın bütün regionlarda inkişaf etdiyini, bölgələrdə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, ilk Avropa Oyunları zamanı avarçəkmə yarışlarının Mingəçevirdə keçirildiyini, idmançı və qonaqların bu gözəl guşədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Beynəlxalq idman oyunlarının inteqrasiyalı cəmiyyətin formalaşmasında rolu” mövzusunda məruzəsi zamanı ölkəmizdə Olimpiya hərəkatı ilə yanaşı, Paralimpiya hərəkatının da inkişafda olduğunu diqqətə çatdırıb.
İ.Rəhimov paralimpiyaçılarımıza dövlət tərəfindən göstərilən qayğıdan, atletlərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən və ölkəmizin beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsi bacarığından danışıb.
“IV İslam Həmrəyliyi Oyunlarında gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev irimiqyaslı tədbirlərin ayrılmaz parçası olan könüllülərin, onlar üçün ölkəmizdə yaradılan əlverişli mühitdən, yetişməkdə olan gənc nəslin potensial imkanlarından bəhs edib.
“İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək” İctimai Birliyinin sədri Səlhət Abbasova “İslam Həmrəyliyi Oyunları fonunda beynəlxalq idman tədbirləri vacib təsir vasitəsi kimi: beynəlmiləlçilik və vətəndaş həmrəyliyi” və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “İdman tədbirləri və sosial media: maarifləndirmə vacibdir” mövzularında məruzələrlə çıxışlar ediblər. Çıxışlarda irimiqyaslı yarışların mədəniyyət, təhsil, məşğulluq və sağlamlığa təsir imkanları, idman tədbirlərinin sosial media vasitəsilə işıqlandırılmasının vacibliyi haqqında ətraflı məlumat verilib.
Sonda müxtəlif dövlət qurumlarının, idman ictimaiyyətinin nümayəndələrinin IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.