Məktəb idman federasiyasının təqdimat mərasimi baş tutdu
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) akt zalında yeni, “Məktəb idmanı federasiyası” nın (BMİF (azeri), İSF (eng)) təqdimat mərasimi baş tutub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse prezidenti Çingiz Hüseynzadə, Millət vəkili, Azərbaycan Məktəb İdmanı federasiyasının prezidenti Sevinc Hüseynova və digər rəsmilər iştirak edirdilər.
İlk olaraq qonaqlara Beynəlxalq Məktəb İdman federasiyası haqqında məlumatları özündə əks etdirən video çarx nümayiş olundu. Bildirildi ki, BMİF beynəlxalq rəhbər orqandır. BMİF, 1972-ci ildə 21 Avropa ölkəsinin imzası ilə təsis edilmişdir. Təşkilatın əsas məqsədi məktəblərdə yeniyetmələr arasında idmanın və sağlam həyat tərzinin aşılanması üçün beynəlxalq yarışların təşkil edilməsidir.
BMİF-da 5 qitədən 90 üzv dövlət var. Təşkilat eyni zamanda, Sport Accordun üzvüdür və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın mərkəzi ofisi Belçikanın Antverp şəhərində yerləşir.
Azərbaycan 2016-cı il, 11-15 may tarixlərdə beynəlxalq federasiyanın Türkiyənin Marmaris şəhərində təşkil olunan Baş Assambleyasında üzvlüyə qəbul olunmuşdur. Beynəlxalq federasiyanın üzvü olaraq 29 may-5 iyun 2016-cı il tarixlərində Fransanın Lil və Lens şəhərlərində təşkil edilən Euro 2016 futbol üzrə məktəblilərin çempionatında Bakının 163 saylı orta mıktıbinin şagirdləri iştirak etmişlər. 11-18 İyul 2016-cı il tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən XVI Yay Gimnaziada oyunlarında cüdo idman növü üzrə nümayəndəmiz öz istedad və bacarığını yüksək səviyyədə nümayiş etdirə bilmişdir.
2017-ci ildə Azərbaycan Məktəb İdmanları Federasiyası təsis olundu və Ədliyyə Nazirliyəndə Dövlət qeydiyyatından keçmişdir.
Azərbaycan 2018-ci ildə keçiriləcək Gimnaziada Oyunlarına beynəlxalq federasiyanın üzvü kimi qatılacaq.