Tarix: 30.03.2018 15:00
Mənbə:
Baxışlar: 6058

“31 mart azərbaycanlıların soyqırımı Günü”nə həsr olunmuş konfrans keçirildi

Bu gün  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “31 mart azərbaycanlıların soyqırımı Günü”nə həsr olunmuş konfrans keçirildi.
Tədbirdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, Milli Məclisin deputatı Fuad Muradov, rəsmilər və qonaqlar iştirak ediblər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbiri açaraq əsrlər boyu xalqımıza qarşı ermənilər tərəfindən törətdiyi qırğınlar barədə danışıb: "1998-ci ildə Heydər Əliyevin fərmanı ilə azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiymət verilib. Bu illər ərzində beynəlxalq ictimaiyyətin məlumatlandırılması, emrənilərin ifşası, sovet dövründə tarixi hadisələr barədə ciddi addımlar atılıb, əsərlər nəşr olunub. Bu gün dünya miqyasında bir çox işlər görülür. Bütün regionlarda soyqırımının 100 illiyi ilə bağlı konfranslar keçirilir, tədqiqatların nəticələri barədə məlumat verilir. Ümumilikdə isə gənc nəsil mart soyqırımı ilə bağlı həqiqətləri dərindən öyrənməlidir".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, tarixin yaddaşlarda qalması üçün soyqırımı hadisələrini hər zaman xatırlamaq lazımdır: "Gənclərimiz daha güclü və elmlə məşğul olmalıdır. Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü müstəqil dövlət olub. Azərbaycanın ən böyük dəyəri müstəqilliyidir".
Digər natiqlər də soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında bu kimi tədbirlərin keçirilməsinin vacibliyinə toxunublar.
Konfransın keçirilməsində  məqsəd “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən təsdiq edilmiş Tədbirlər Planının müvafiq bəndinin icrasını təmin etmək, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqda gənclərə ətraflı məlumatlar vermək idi.