Tarix: 16.05.2018 17:45
Mənbə:
Baxışlar: 5982

Avropa çempionatında medal qazanan karateçilərlə görüş keçirilib

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov parlaq nailiyyət münasibətilə karateçiləri təbrik edib, bu qələbənin xalqımızın böyük uğuru olduğunu vurğulayıb. Karatenin Olimpiya Oyunlarının proqramına salınmasından sonra idmanın bu növünə marağın sürətlə artdığını diqqətə çatdıran şöbə müdiri bildirib ki, bu nailiyyət karatenin Azərbaycanda kifayət qədər inkişaf etdiyini göstərdi. Qarşıda Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının keçiriləcəyini xatırladan şöbə müdiri karateçilərimizdən bu mötəbər yarışa yeni lisenziyalar gözlənildiyini deyib.
Karateçilərin qitə birinciliyində uğurla çıxış etdiklərini diqqətə çatdıran Federasiyanın prezidenti Yaşar Bəşirov Rafael Ağayevin 11-ci dəfə Avropa çempionu adını qazanmasının önəmini xüsusi vurğulayıb. Azərbaycan milli komandasının çempionata qatılan 52 ölkə arasında ən güclü heyətə sahib olduğunu deyən Y.Bəşirov bu qələbənin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr etdiklərini bildirib. Bu uğurun Azərbaycanda idmanın, o cümlədən karatenin inkişafına göstərilən yüksək diqqət və qayğının göstəricisi olduğunu vurğulayan Federasiya prezidenti yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Beşqat dünya, onbirqat Avropa çempionu Rafael Ağayev qitə birinciliyindəki çıxışı barədə məlumat verib. Qarşıda dünya çempionatının olduğunu qeyd edən karateçi bildirib ki, Azərbaycan idmançıları yüksək hazırlıq səviyyəsi və nizam-intizam baxımından Avropa idmançılarından seçilirlər. O, əsas hədəfinin 2020-ci il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu deyib.
Çempionatı bürünc medalla başa vuran Şahin Hətəmov və Nuranə Əliyeva əldə etdikləri qələbələrə görə Azərbaycan dövlətinə, federasiya rəhbərliyinə və məşqçilərinə minnətdarlıqlarını bildirib, qarşıdakı yarışlarda da uğur qazanacaqlarına əminliklərini ifadə ediblər.
Xatırladaq ki, yarışda Azərbaycanı müxtəlif çəki dərəcələrində, eləcə də kata üzrə fərdi və komanda yarışlarında ümumilikdə 17 idmançı təmsil edib. İdmançılarımızdan Rafael Ağayev qızıl medal qazanaraq 11-ci dəfə Avropa çempionu adına sahib olub. Şahin Atamov (84 kq) və İrina Zaretska (68 kq) çempionatı gümüş, Nuranə Əliyeva (50 kq) və Roman Heydərəv (kata) isə bürünc medallarla başa vurublar.