Tarix: 22.05.2019 16:30
Mənbə:
Baxışlar: 1163

Dünya çempionatından qayıdan taekvondoçularla görüş keçirilib

Bu gün Gənclər və İdman Nazirliyində İngiltərənin Mançester şəhərində keçirilmiş dünya çempionatından qayıdan taekvondo üzrə Azərbaycan milli komandası ilə görüş keçirilib.
Tədbirdə nazir müavini İsmayıl İsmayılov nüfuzlu yarışdan qızıl medalla qayıdan Milad Beigi Harçeqani (80 kq) və bürünc medalçı Fəridə Əzizovanı (67 kq) təbrik edib. "Herçeqaninin qızıl, Əzizovanın isə bürünc medal qazanması bizi sevindirir. İdmançıların üzərində əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm" deyən İ.İsmayılov Azərbaycanda taekvondonun da inkişaf etdiyinia vurğulayıb. 
İdman şöbəsinin müdiri Fərid Mansurov isə bildirib ki, şəxsən iştirak etdiyi dünya çempionatında rəqabət çox böyük olub: "İdmançımız qızıl medal qazanmaqla dünya reytinqində birinci oldu. Oradan xoş təəssüratlarla qayıtdıq. Fəridə Əzizovanın üçüncü olması böyük uğurdur. Bütün görüşləri izləmişəm. İnanıram ki, qarşıdakı yarışlara daha yaxşı hazırlaşacaqsınız".
Federasiyanın vitse-prezidenti Nağı Səfərov isə daha 3 taekvondoçunun şanssızlığa görə medal qazana bilmədiyini vurğulayıb. O, Harçeqaninin ikinci dəfə dünya çempionluğu əldə etməsinə diqqət çəkib: "Miladın finaldakı rəqibi də uduzduğunu hiss edirdi. İdmançımızın zərbəsindən sonra baş məşqçisinə tərəf baxdı. Baş məşqçi hücum etməsini istəsə də, rəqib çarəsiz idi"
Harçeqani isə bildirib ki, ikiqat dünya çempionu olmaqdan ötrü əlindən gələni edib: "İnanıram ki, növbəti yarışlarda da yaxşı çıxış edəcəyik".
Fəridə Əzizova isə çempionluq üçün getdiyi dünya çempionatında yarımfinalda uduzduğu rəqibinin daha güclü olması öz sözünü deyib: "Bizim çəkidə lider yoxdur. Hamı güclü idmançıdır. Bu dəfə isə çinli idmançı birinci oldu. Məqsədim var: Mən də qalib olacağam. Sırf bu dəfə rəqibin məndən hündür olması əsas rol oynadı".