Tarix: 05.07.2019 18:02
Mənbə:
Baxışlar: 6876

Nazir Azad Rəhimov jurnalistləri mükafatlandırdı

Gənclər və İdman Nazirliyində II Avropa Oyunlarını Minskdən işıqlandırmış jurnalistlərlə görüş keçirilib.
Görüşdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin mətbuat katibi Səmayə Məmmədova iştirak ediblər.
İ. İsmayılov nazir Azad Rəhimovun adından jurnalistlərə təşəkkürünü bildirərək, ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
O, Bakı-2015 I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, yarışa Avropa Olimpiya Oyunları adının verilməsini daha məqsədəuyğun saydığını vurğulayıb.
Nazir müavini idmançıların uğurlu çıxışlarının təbliğatında jurnalistlərin rolunu da qeyd edib: “82 idmançıya 28 medal çox böyük uğurdur. Amma bu, arxayınlıq yaratmamalıdır. Tokio Yay Olimpiya Oyunları Avropa Oyunları kimi olmayacaq”.
S. Məmmədova bildirib ki, nazirliyin və özlərinin dəstəyi ilə bir qrup aparıcı media qurumlarının əməkdaşları Minskdə iştirak edərək, II Avropa Oyunlarını işıqlandırıblar.
Sonra Minskə Gənclər və İdman Nazirliyinin xətti ilə yollanan jurnalistlər Azad Rəhimovun qərarı ilə  “Minsk 2019 II Avropa Oyunları"nın işıqlandırılmasında göstərdikləri peşəkarlığa görə mükafatlandırılıblar. 
Görüşün yekununda jurnalistlər yarışla bağlı təəssüratlarını bölüşüblər.