Tarix: 27.09.2019 16:02
Mənbə:
Baxışlar: 5764

Nazir Azad Rəhimov Roy Beykeri qəbul edib

Ölkəmizdə səfərdə olan Dünya Kikboksinq Assosiasiyası Təşkilatının (WAKO) prezidenti Roy Beyker sentyabrın 27-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ilə görüşüb.

A.Rəhimov görüşdə ölkəmizdə idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Nazir Azərbaycanda kikboksinqə böyük marağın olduğunu və gənclər arasında çox populyarlaşdığını qeyd edib.

        Bildirib ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də böyük diqqət göstərilir. Kikboksinq də həmin idman növlərindən biridir. Ölkəmiz həmişə irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edib. İdman infrastrukturunun təkmilləşdirilməsi ən prioritet məsələlərdən biridir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin nəticəsində gerçəkləşib. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır.

       R.Beyker qeyd edib ki, Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi bacarığı ilə həmişə seçilir. Hazırda kikboksinqin 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına salınmasına dair Avropa Olimpiya Komitəsi ilə danışıqlar aparılır.

Bakının 2015-ci ildə yüksək səviyyədə ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərinin uzun müddət yaddaşlarda qaldığını vurğulayan qonaq deyib ki, əldə etdiyiniz uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkanlar açır.

Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Daha sonra media nümayəndələri ilə görüş keçirilib

Kikboksinq Azərbaycanda ən populyar idman növlərindən biridir. Ölkəmizdə idmanın bu növü üzrə irimiqyaslı turnirlər yüksək səviyyədə təşkil olunur. Kikboksçularımız isə beynəlxalq arenada respublikamızı layiqincə təmsil edirlər.
Bu sözləri Dünya Kikboksinq Assosiasiyası Təşkilatının (WAKO) prezidenti Roy Beykerin ölkəmizə səfəri çərçivəsində sentyabrın 27-də təşkil olunan mətbuat konfransında Azərbaycanın Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Nazir müavini bildirib ki, kikboksinq üzrə yarışlar təkcə Bakını deyil, regionları da əhatə edir. İdmanın bu növünün ölkəmizdə kütləviləşməsi istiqamətində Azərbaycan Kikboksinq Federasiyası (AKF) tərəfindən mühüm işlər görülür. Ümumiyyətlə, Azərbaycanda idman siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurlu davam etdirilir. Respublikamızda təkcə Olimpiya deyil, qeyri-Olimpiya idman növləri də yüksələn xətlə inkişaf edir. Sevindirici haldır ki, kikboksinq üzrə bizim dünya və Avropa çempionlarımız var. Bütün bunlar AKF-in həyata keçirdiyi uğurlu idman siyasətinin nəticəsidir.

WAKO rəhbərliyinin həmişə ölkəmizə qarşı diqqətli olduqlarını bildirən AKF-in prezidenti Adil Əliyev deyib ki, Azərbaycan kikboksçuları hər zaman öz mövqelərini ortaya qoymağı bacarıblar. Dünya kikboksinq ailəsində idmançılarımızın öz dəsti-xətti var. Təmsilçilərimiz irimiqyaslı yarışlarda uğurla çıxış edərək xalqımızı sevindirirlər. Kikboksinqin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, dövlət tərəfindən diqqət və qayğını həmişə hiss edirik. Əsas məqsədimiz Azərbaycanda idmanın bu növünü daha da inkişaf etdirməkdir. Azərbaycan regionda kikboksinqin inkişafına verdiyi töhfəyə görə mərkəzə çevrilib. Bunu beynəlxalq qurumun nümayəndələri də təsdiqləyirlər.

AKF ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Biz buna qarşıyıq. Dünyanın tanıdığı beynəlxalq yarışlara, WAKO-nun turnirlərinə qatılırıq. 

Çalışırıq ki, belə saxtakarlıqların qarşısını alaq. 

 Məqsədimiz kütləviliyi təmin etməkdir. Federasiyanın nəzdində 100-dən çox klub fəaliyyət göstərir. Peşəkar kikboksçuların yetişməsi üçün məşqçilərimiz səylə çalışırlar”, - deyə A.Əliyev əlavə edib.

Azərbaycanda kikboksinq üzrə irimiqyaslı yarışların təşkili üçün geniş imkanların olduğunu deyən WAKO-nun prezidenti R.Beyker vurğulayıb ki, 2023-cü və 2024-cü illərdə keçiriləcək çempionatlara ev sahibliyi etmək üçün müvafiq ərizələrin verilməsi davam edir. Bu barədə yekun qərar noyabrda veriləcək. Mən buraya gələndə gördüm ki, idman obyektləri yüksək səviyyədədir. Azərbaycan bu cür yarışları təşkil edə bilər.

“İdmanın bir çox növləri üzrə dırnaqarası federasiyalar mövcuddur. Boks, güləş və digər idman növlərində bunlar var. Kikboksinq sahəsində yeganə qurum WAKO-dur ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Digər qurumlar öz ciblərini güdürlər. Bizim təşkilat demokratiya prinsipləri üzərində qurulub”, - deyə WAKO rəsmisi əlavə edib.

Azərbaycan Kikboksinq Federasiyasının Avropada ən öncüllərdən olduğunu diqqətə çatdıran R.Beyker bildirib ki, gələn il idmanın bu növündə ən böyük yarış keçiriləcək. Antalyada təşkil olunacaq Avropa çempionatı Azərbaycan idmançıları üçün bir fürsət olacaq. İnanıram ki, onlar özlərini göstərə biləcəklər. Yarışın mükafatçıları 2021-ci ildə keçiriləcək dünya və döyüş oyunlarına vəsiqə qazanacaqlar. Biz kikboksinqin 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramında yer almasını istəyirik və bu istiqamətdə Avropa Olimpiya Komitəsi ilə danışıqlar aparırıq. Düşünürəm ki, buna nail olacağıq. Mənim işim idmanın bu növünü inkişaf etdirməkdir.

Sonda jurnalistlərin sualları cavablandırılıb