Tarix: 27.10.2019 00:10
Mənbə:
Baxışlar: 104

Nazir Avropa Olimpiya Komitələri 48-ci Baş Assambleyasında çıxış edib

Polşanın Varşava şəhərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov  Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib.

 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kociançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.

 

İlk olaraq  iyul ayında Bakıda gerçəkləşdirilmiş  15-ci Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir, Bakının bu yarışa hazırlığı , görülmüş işlər, təşkilati məsələlər və  ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. Azad Rəhimov vurğulayıb: “Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu  yarış, 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 Azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynadı.”

 

Daha sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlardan söz açan nazir Azad Rəhimov, ölkəmizdə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti  və digər mühüm məsələlər barədə də söz açıb.

 

Könüllük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir, hal-hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olmuşdur. 

 

Səfəri çərçivəsində nazir Azad Rəhimov BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.