Tarix: 03.11.2019 09:00
Mənbə:
Baxışlar: 25

Belarusiyada Azərbaycan gəncləri günləri keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında 2018-2019-cu illər üçün dövlət gənclər siyasəti sahəsində imzalanmış Birgə Tədbirlər Planına müvafiq olaraq 29 oktyabr – 1 noyabr 2019-cu il tarixlərdə Belarus Respublikasında Azərbaycan gəncləri günləri keçirilib.

Tədbirdə ölkəmizi gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə gənclər təşkilatlarının və yaradıcı gənclərin nümayəndələrindən ibarət heyət təmsil edib.

Səfər proqramına əsasən birinci gün Azərbaycan nümayəndə heyətinin Nesvij şəhərinə səfəri təşkil edilmiş və orada  (burada) yerləşən şəhər Gənclər Mərkəzində Belarus və Azərbaycan gənclərinin görüşü keçirilmiş, görülən işlərə dair təqdimatlar edilmiş və istedadlı və yaradıcı gənclərin iştirakı ilə intellektual oyunlar təşkil edilmişdir. Daha sonra nümayəndə heyətinin üzvləri şəhərin mədəni və tarixi abidələri ilə tanış olublar.

Növbəti gün nümayəndə heyəti Brest şəhərinə gələrək “Qəhrəman Brest Qalası” memorial kompleksi  ziyarət etmiş və burada qala müdafiəçilərinin xatirəsi yad edilmişdir. Daha sonra nümayəndə heyətinin üzvləri Brest şəhər Gənclərin Vətənpərvərlik Mərkəzinin fəaliyyəti ilə tanış olublar.  

Səfərin ücüncü günü  A.S.Puşkin adına Brest Dövlət Universitetinin iclas zalında  Belarus Respublikasının təhsil naziri İ.Karpenko, gənclər və idman nazirinin müavini İ.Babayev, Universitetinin rektoru A.Sender, Brest vilayəti İcraiyyə Komitəsi sədrinin müavini Q.Borisyukun yerli ictimai fəal gənclərlə açıq söhbət formatında görüşü keçirilmişdir. Görüş zamanı hər iki ölkədə gənclərlə iş sahəsində görülmüş işlər haqqında geniş məlumat verilmişdir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi” Dövlət Proqramları və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və Könüllülük hərəkatı haqqında ətraflı məlumat verdi.

Sonra görüş auditoriya ilə sual-cavab formatında davam etdi. Daha sonra ikitərəfli əməkdaşlıq formatında Belarus Respublikasının təhsil naziri İqor Karpenko ilə gənclərlə iş sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

Günün ikinci yarısında Brest vilayəti Gənclərin Yaradıcılıq Mərkəzində gənclərin iştirakı ilə ustad dərsləri və sənətkarlıq sərgisi nümayiş olunmuş, hər iki ölkənin istedadlı və yaradıcı gənclərin iştirakı ilə konsert təşkil edilmişdir.

Səfərin sonuncu günü Azərbaycan nümayəndə heyətinin Minsk şəhərində yerləsən “Tələbə kəndi” kompleksinə ziyarəti təşkil edilmiş, orada gənclərin ictimai fəallığı ilə bağlı təqdimatlar keçirilmişdir.

1 noyabr 2019-cu il tarixdə Belarus Respublikasının Təhsil Nazirliyində gənclər və idman nazirinin müavini İ.Babayevin Belarus Respublikasının təhsil nazirinin müavini A.Kadlubay ilə görüşü keçirilmişdir. Görüşdə hər iki ölkədə gənclər siyasəti sahəsində gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında 2020-2021-ci illər üçün dövlət gənclər siyasəti sahəsində Birgə Tədbirlər Planı imzalanmışdır.