Tarix: 14.11.2019 13:05
Mənbə:
Baxışlar: 97

Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilir

Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilir.
Iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Şuraya üzv olan nümayəndələri və ekspertləri iştirak edirlər.
Tədbirdə MDB üzv dövlətlərində həyata keçirilən dövlət gənclər siyasəti, “MDB ölkələrinin gənclərlə iş sahəsində beynəlxalq əməkdaşlıq strategiyası”nın 2018-2020-ci illər üzrə Tədbirlər Planı, “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi, “MDB Gənclər paytaxtı”nın seçilməsinin əsasnaməsi və sair olmaqla ümumilikdə 14 məsələ müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunacaq.
Şuranın iclası çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanacaq. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun və Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskayanın imzalayacaqları Saziş iki ölkə arasında gənclər sahəsində əməkdaşlığa dair ilk sənəddir.
Gənclərlə İş üzrə Şura “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il 25 oktyabr tarixli Sazişin icrası məqsədilə yaradılıb. Üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarət Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.