ADBTİA-da Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi
10 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, digər rəsmilər, Olimpiya və dünya çempionları, müəllim və tələbə heyəti iştirak etmişdir.
Anım tədbirinin keçirilməsində məqsəd müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri və görkəmli nailiyyətləri haqqında gənc nəsli məlumatlandıraraq Ümummilli liderin əziz xatirəsini yad etməkdir. Bu məqsədlə tədbirdə ilk olaraq Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilmiş, daha sonra isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Ümummilli Liderin sevimli musiqiləri təqdim olundu.
Tədbirdə iştirak edən qonaqlar xüsusi olaraq qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir.