Tarix: 20.12.2019 16:05
Mənbə:
Baxışlar: 2185

„Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışmasının qalibləri mükafatlandırıldı

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi gənc nəslin vətənpərvərlik tərbiyəsi işinin təmin edilməsi istiqamətində respublikamızda məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Keçirilən çoxsaylı tədbirlər sırasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil Nazirlikləri ilə birgə “MZ“ MMC-i tərəfindən hazırlanaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yayımlanan „Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışması geniş tamaşaçı auditoruyasının, xüsusən də gənclərin böyük marağına səbəb olmuşdur. 2010-cu ilin fevral ayından „Azərbaycanımızı tanıyaq və tanıdaq!“ şüarı altında həyata keçirilən telelayihənin əsas məqsədi gənc nəslə Vətənə sevgi və sədaqət hissini aşılamaq, Azərbaycanın tarixini, coğrafiyasını, ədəbiyyatını daha yaxından tanıtmaq və bununla da onların intellektual inkişafını təmin etməkdən ibarət olmuşdur.

„Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışmasının 9-cu mövsümünün çəkilişləri 2018-ci ilin dekabr ayından start götürmüş və cari ilin dekabr ayında başa çatmışdır. Bu müddət ərzində intellekt yarışmada iştirak etmək məqsədi ilə respublikanın rayon və şəhərlərindən 2000 nəfərdən artıq gənc qeydiyyatdan keçmiş, onlardan 480 nəfər mübarizəyə qatılmış, 40 nəfər oyunlardan qalib kimi ayrılmış, Məmmədova Kəmalə Daşqın qızı, Həbibli Elməddin Fəxrəddin oğlu, İsmayılzadə Nicat Rafiq oğlu ikiqat qalib, Bəşirov Şəhruz Surac oğlu isə ilin və layihənin 9-cu mövsümünün qalibi adına layiq görülmüşlər.

Layihənin 9-cu mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi 19 dekabr  2019-cu il tarixdə saat 15.00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirildi.