Gənclər və İdman naziri Azərbaycan İdman Jurnalistləri Federasiyasının nümayəndələri ilə görüşüb
Yanvarın 29-da Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə yeni təşkilatın yaranması münasibətilə İdarə Heyəti üzvlərini təbrik edən nazir idman mediasının inkişafına xidmət edəcək belə bir qurumun yaradılmasına çoxdan ehtiyac duyulduğunu deyib. İdman jurnalistlərinin nazirliyə mütəmadi müraciətlərini nəzərə alaraq yeni təşkilatın yaranmasına dəstək olduğunu bildirən nazir tövsiyələrini verərək AİJF-yə fəaliyyətində uğurlar arzulayıb.
Federasiyanın İdarə Heyətinin sədri Qabil Mehdiyev qurumun yaradılmasındakı dəstəyinə görə nazir A.Rəhimova idman jurnalistləri adından təşəkkür edib.
İdarə heyəti üzvlərini təqdim edən Q.Mehdiyev artıq iki iclasın keçirildiyini və bir sıra qərarların qəbul olunduğunu, müvafiq komissiyaların yaradıldığını bildirib.
Söhbət zamanı Gənclər və İdman Nazirliyi ilə AİJF arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Federasiyanın 2020-ci il üçün tədbirlər planı, digər federasiyalar, idman qurumları ilə birgə görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.