Tarix: 24.07.2020 00:40
Mənbə:
Baxışlar: 204

Fərid Mansurov gənc könüllülərlə görüşdü

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi və “Azərbaycan İdmançıları” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Azərbaycanın Olimpiya Odisseyası” layihəsinin növbəti mərhələsi videokonfrans formatında baş tutdu. Könüllülər ili çərçivəsində keçirilən tədbirin qonağı yunan-roma  güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov oldu. Idmançı gənclər və könüllülər ilə görüşü zamanı ilk olaraq son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu ərazisində törədilən təxribatlar zamanı qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərin xatirəsini  ehtiramla yad etdi. Daha sonra Fərid Mansurov idmana  gələrkən qarşılaşdığı çətinliklərdən, peşəkar idmançı kimi qazandığı uğurlardan, qələbə əldə etdiyi zaman yaşadığı duyğulardan danışdı .

Görüşün sonunda Fərid Mansurov müxtəlif bölgələrdən videotoplantıya qatılmış idman ictimaiyyətinin, gənclərin və könüllülərin suallarını cavablandırdı, onlara sağlamlıqlarının qorunması, xəstəliklərlə mübarizə ilə bağlı öz məsləhət və tövsiyələrini verdi. 

150-dən artıq gəncin iştirak etdiyi görüşdə Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev, “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov, “Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin sədri Miraqil Seyidzadə də çıxış ediblər.