Bakıda bədii gimnastika üzrə dünya kuboku keçirildi
07 - 09 may tarixlərində Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışı keçirildi. Yarışda 35 ölkdən 167 gimnast iştirak edirdi. Pandemiya şəraiti ilə əlaqədar yarışda sanitar-epidemioloji qaydalara tam riayət olunurdu. Qayda olaraq arenaya ilk daxil olan hər bir kəs ekspress testdən keçərək yalnız neqativ cavab aldıqdan sonra yarışa buraxılırdı. Bu qayda kimliyindən asılı olmayaraq hər kəsə şamil olunurdu.
Ölkəmizi yarışda fərdi gimnastladan XXX Yay Universiadasının gümüş mükafatçısı, lV İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova və gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat mükafatçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edirdi.
Yarışın ilk günü top və halqa ilə fərdi gimnastlar, 5 top ilə qrup komandaları çıxış etdilər. Fərdi çıxışda topla hərəkətdə Zöhrə 12-ci, Arzu 15-ci, halqa ilə hərəkətdə Zöhrə 16-cı, arzu isə 36-cı oldular. Qrup komandası 5 topla çıxışda təsnifat mərhələsində 3-cü olaraq finala yüksəldilər.
Yarışın ikinci günü gürzlər və lentlə fərdi gimnastlar, 3 halqa - 2 cüt gürzlərlə qrup komandaları çıxış etdilər. Zöhrə gürzlərlə çıxışda 17-ci, Arzu isə 30-cu, lentlə çıxışda Arzu 38-ci, Zöhrə isə təsnifat mərhələsini 6-cı pillədə başa vuraraq finala yüksəldi. Qrup komandaların çıxışında isə komandamız 4-cü nəticə göstərərək finala çıxdılar.
Yarışın soncu günü final yarışlarında fərdi çıxışda Zöhrə Ağamirova lentlə 4-cü yeri tutdu. Qrup komandamız isə 3 halqa - 2 cüt gürzlərlə çıxışda 5-ci, 5 topla çıxışda isə bürünc medal qazandı.
Ümumilikdə fərdi çıxışların cəminə görə çoxnövçülükdə Zöhrə 10-cu, Arzu isə 29-cu, qrup komandası 2 hərkətin cəminə görə çoxnövçülükdə 4-cü oldular.