Bakıda "Sağlam həyat" günləri keçirilib
Gənclər və İdman Nazirliyinin aprelin 6-dan 10-dək təşkil etdiyi "Sağlam həyat" günləri başa çatıb. 6 aprel - Beynəlxalq İdman Günü münasibətilə Dənzkənarı Milli Parkda təşkil olunan tədbirdə 3000-dən artıq vətəndaş iştirak edib. Onlar 6 yaşdan başlayaraq, 70+ olmaqla 11 müxtəlif yaş qrupu üzrə öz qüvvələrini sınayıblar.
İdman zonalarında qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) müxtəlif növlər üzrə idman normativlərini yerinə yetirərək müvafiq sertifikatlar alıblar.
Normativləri yerinə yetirən iştirakçılara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim edilib. Bütün yaş kateqoriyaları üzrə sertifikat qazanan iştirakçıların 70 faizi kişi, 30 faizi xanım olub. Normativlər üzrə kişilərin göstəricilərinin 78 faizi qızıl, 11.4 faizi gümüş, 10.6 faizi bürünc, qadınların isə 82 faizi qızıl, 11 faizi gümüş və 7 faizi bürünc sertifikata layiq olub.
Gənclər və İdman Nazirliyi bir daha əhalini yalnız idman günlərində deyil, bütün ilboyu idmanla məşğul olmağa və öz sağlamlığını qorumağa dəvət edir.