Nazirin Nöqteyi-Nəzəri
Əlamətdar hadisələrlə zəngin olan may uğurlar və mühüm qərarlarla yadda qaldı. Ənənəvi fəaliyyətimizlə yanaşı, bəzi yeniliklərin də iştirakçısı olduq. Vətəndaşlarla görüşlərimiz mütəmadi olaraq davam edir. Bu dəfə Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul etdik, bir sıra şəhər və rayonların gəncləri ilə görüşdük, Olimpiya komplekslərinin və gənclər evlərinin fəaliyyətləri ilə tanış olub, mövcud vəziyyəti müzakirə etdik.
İdmanın inkişafı və təşviqi üçün atılan hər bir addım günbəgün bizi məqsədə doğru aparır. İlk dəfə olaraq, Olimpiya növləri üzrə milli komandaların və idmançıların reytinq cədvəlinin hazırlanması da belə addımlardan biri oldu. Burada əsas məqsəd idmançılarımızı daha da tanıtmaq, idman növlərinə marağı artırmaq və mediada təbliğ etməkdir.
Azərbaycanı beynəxlalq qurumlarda təmsil etmək həm qürur, həm də məsuliyyətdir. UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CIGEPS) fövqəladə iclasında Komitənin sədri seçilməyim ölkəmizin uğurudur. Komitənin fəaliyyətində Azərbaycanın layiqincə təmsil olunması, idmanın ictimai həyatda əhəmiyyətinin və rolunun təbliği üçün əməyimi əsirgəməyəcəyəm.
İlk dəfə keçirilən “TEKNOFEST Azərbaycan”da Gənclər və İdman Nazirliyi də təmsil olundu. Əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Gənclər və İdman Nazirliyi stendinin Texnofestin ən interaktiv stendi sertifikatına layiq görülməsi qürurlu oldu. Biz təkcə paytaxtda deyil, regionlarda da gənclərin İT sahəsində biliklərinin artırılmasına önəm veririk. Bu məqsədlə “Yerli” layihəsinə start veririk. Layihə kəndlərdə yaşayan 200-dən çox gəncin İnformasiya Texnologiyaları sahələrində bacarıqlarının artırılmasına dəstək olacaq.
İdman və gənclər təşkilatları ilə görüşlərimiz də mütəmadi olaraq davam edir. Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüşdə qarşıdakı mühüm yarışlara – V İslam Həmrəyliyi Oyunlarına, Dünya Oyunlarına, Avropa Yeniyetmələrinin Olimpiya Festivalına, eləcə də Paris-2024 Yay Olimpiya Oyunlarına ilkin hazırlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
Respublikamızın rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşdə isə, onları narahat edən məsələləri birlikdə müzakirə etdik. Yerli idarələrin və digər təşkilatların fəaliyyəti müasir tələblərə uyğun qurulmalı, təkmilləşdirmə məqsədli addımlar atılmalıdır. Maarifləndirmə, ictimai fəallığın artırılması və gənclərin hərtərəfli inkişafına dəstək istiqamətində fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə də görüşdük. Müzakirələrin əsas mövzusu gənclərin ictimai fəallığının artırılması və yeni ideyaların həyata keçirilməsi oldu.
İdmançılarla görüşlərimiz də davam edir. Avropa birinciliyində çıxış etmiş gənc boksçularla mayın 4-də, Avropa çempionatından uğurla dönmüş cüdoçularımızla isə mayın 11-də görüşdük. İdmançılarımızın çıxışlarını və nəticələrini onlarla birgə müzakirə etdik, gələcək planlarla bağlı federasiya nümayəndələri və məşqçi-mütəxəssislərlə fikir mübadiləsi apardıq.
Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəsi çərçivəsində növbəti görüş də keçirildi. Bu dəfəki qonaq Əməkdar məşqçi, “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov oldu. İdman ictimaiyyətinin marağına səbəb olan bu layihənin davamlı olması vacibdir. Çünki idman mütəxəssislərimizin iştirakı ilə keçirilən belə görüşlər gənc idmançılar üçün motivasiyadır.
Beynəxalq yarışlarda idmançılarımızın çoxsaylı qələbələri ilə yadda qaldı. Taekvondo, bodibildinq, para-atletika, parataekvondo, cüdo, akrobatika, bədii gimnastika, idman gimnastikası, savat, boks, karate, stronqmen, güləş, 3x3 basketbolu, qılıncoynatma, atıcılıq üzrə beynəlxalq turnirlərdə qazanılan medalların sayı 70-dən çox oldu.
Azərbaycan həmçinin bir sıra beynəlxalq yarışların da məkanına çevrildi. Sözsüz bunlar arasında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Prezident kuboku-2022” reqatası xüsusilə yaddaqalan oldu. İşğaldan azad edilmiş ərazilərimizdə ilk yarış kimi tarixə düşən reqata Suqovuşanda start götürdü. Turnir ertəsi gün ölkəmizdə avarçəkmənin vətəni sayılan Mingəçevirdə başa çatdı.
Mayın sonunda isə paytaxtımız atıcılıq üzrə dünya kubokuna ev sahibliyi etdi. Yarışa 70-ə yaxın ölkədən 700-dək idmançı qatıldı. Təqdirəlayiq haldır ki, yarışları həm İdman TV, həm də CBC Sport telekanalları canlı yayımladılar.
Ölkəmizdə keçirilən ən böyük kütləvi yarış isə, şübhəsiz Bakı marafonu oldu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi olaraq “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda bu dəfə 15 minədək insan iştirak etdi.
Azərbaycan Üzgüçülük Federasiyası məşqçilər üçün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təlim təşkil etdi. Seminar, bölgələrdə mövcud Olimpiya İdman Komplekslərində bu idman növünün inkişaf etdirilməsi baxımından əhəmiyyətli oldu. Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktik İnstitutu isə yığma komanda məşqçiləri və həkimlər üçün “Mikroelementlər və onların idmanda rolu” mövzusunda treninq keçirdi. Təkmilləşdirmə məqsədli təlimlər idmana və gəncliyə bağlı bütün sahələri əhatə edəcək. Daha bir təlimi idman jurnalistlərimiz üçün təşkil etdik. İdmanın təbliğinə önəm veririksə, media nümayəndələrinin müasir standartları, yenilikləri və beynəlxalq təcrübəni öyrənməsi vacib şərtlərdən biridir.
Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün də təkmilləşdirmə təlimlərinə start verilib. Həm gənclər, həm də idman istiqaməti üzrə 30 əməkdaşın qatıldığı layihənin əsas məqsədi daxili təlimçilərin yetişdirilməsi, eləcə də regional keyfiyyət nəzarətçisi və dəstəkçisi kimi formalaşmasını həyata keçirmək, hazırlıqlı və müasir tələblərə uyğun kadr ehtiyatını təmin etməkdir.
Gənclərimizin beynəlxalq miqyaslı təlimlərdə iştirakı vacibdir. “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində “50/50” seminar milli və regional səviyyədə gənclərlə işləyən dövlət təşkilatlarının mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün faydalı oldu.
İki hissədən ibarət "Azərbaycan Skautlarının Milli Gənclər Proqramı" və eləcə də, “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” 2022-ci il üzrə simulyasiya oyunları layihələri həyata keçirildi.
Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupunun iclası da Bakıda keçirildi. İclasda həm idman, həm də gənclər siyasəti sahəsində birgə əməkdaşlıq, ortaq layihələrin reallaşdırılması və digər məsələlər müzakirə edildi.
Qarşıda bizi daha məsul yarışlar və tədbirlərlə zəngin mövsüm gözləyir. Ötən ayların nəticələri və təcrübələri planlarımızı uğurla həyata keçirməyə və təmsil olunacağımız yarışlardan qələbə ilə dönməyə əsas verir.
Fərid Qayıbov
Gənclər və idman naziri