Tarix: 31.08.2022 12:30
Mənbə:
Baxışlar: 1236

Nazirin Nöqteyi-Nəzəri

 

Əziz gənclər, idmançılar!

Avqust ayı fəaliyyət baxımından xeyli əlamətdar, bir o qədər də uğurlu oldu. Olimpiya və qeyri-olimpiya idman növlərində 120-dən çox medal qazanıldı. Şübhəsiz, bu medalların böyük əksəriyyəti – 99-u V İslam Həmrəyliyi Oyunlarında əldə edildi. Türkiyənin Konya şəhərində ev sahibi, qardaş ölkədən sonra ən böyük nümayəndə heyəti ilə təmsil olunmaq qürurverici məqam idi. 24 idman növündən 22-də təmsil olunan ölkəmizin 56 dövlət arasında ilk beşliyə düşərək, 4-cü olması böyük nailiyyətdir.


Sözsüz, bu uğurlar dövlət başçımızın diqqəti sayəsində mümkün oldu. İdmançılarımıza dəstəyini əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Konyaya gəldikləri gün atletlər kəndində idmançılarla görüşləri və Oyunların açılış mərasimində iştirakları, eləcə də böyük bayrağımız dalğalanarkən 42 minlik stadionla birlikdə ayaq üstə alqışları komandamızın sonrakı uğurları üçün də əla motivasiya oldu.


VİDEO

Vətənə qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevin idmançılarla görüşü də xüsusilə əlamətdar oldu. Prezident və Birinci vitse-prezidentin görüşə məhz komandamızın idman geyimində gəlmələri və idmançılarımızın nəticələrinin yüksək qiymətləndirilməsi çox xoş oldu. Elə həmin gün də qalib idmançılarımızın mükafatlandırılması üçün dövlət başçımız Sərəncam imzaladı. Bütün bunlar idmançılarımız üçün böyük dəstək, əlavə stimuldur. Daim Azərbaycan idmançılarının yanında olduqları üçün cənab Prezidentə və Birinci vitse-prezidentə minnətdarıq.


VİDEO

V İslam Həmrəyliyi Oyunları keçirildiyi günlərdə Konyada bir sıra idman növlərində idmançılarımızın çıxışlarını yerində izləməklə yanaşı, onlarla görüşərək uğurlar arzuladıq. İdmançılarımızın uğurlu çıxışlarında əməyi olan hər kəsə - idman federasiyalarının rəhbərlərinə, məşqçilərə, nazirliyin əməkdaşlarına və digər idman mütəxəssislərinə təşəkkür edirəm.

Səfər çərçivəsində türkiyəli həmkarım Mehmet Kasapoğlu, Konya Texniki Universitetinin rektoru Babur Özçelik və digər şəxslərlə görüşlər zamanı idman uğurları, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdim, yerli mediaya müsahibələr verdim.

Ölkəmizin müxtəlif regionlarında təşkil edilən və iyul ayından davam edən gənclərin düşərgələri böyük diqqət və maraqla qarşılanıb. İki aylıq dövrü əhatə edən müxtəlif sahələr üzrə düşərgə və təlimlər minlərlə gənci birləşdirir. Kənd gənclərini, gənc psixoloqları, alimləri, mühəndisləri, ekoloqları, sahibkar və startapçıları, könüllüləri və digər sahələr üzrə gəncləri bir araya gətirən düşərgələr düşünürəm ki, effektiv oldu. Həmçinin hərbi-vətənpərvərlik, məşğulluq, liderlik, "Dayanıqlı İnkişaf Məqsədləri", texno məktəb, innovasiya, natiqlik, yaradıcılıq, arxeologiya, sağlam həyat, karyera, gənclər təşkilatları və digər mövzularda yay məktəbləri də uğurla yekunlaşıb. Qarşıdakı günlərdə başlanacaq düşərgələrin də gənclər tərəfindən böyük maraqla qarşılanacağına inanıram.


VİDEO 1 / VİDEO 2 / VİDEO 3 / VİDEO 4 / VİDEO 5

Gənclər siyasətində bir sıra digər addımlar da effektiv oldu. Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci Gənclər Könüllülük Təlim Proqramında, eləcə də İstanbul və Bursa şəhərlərində keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci Çoxtərəfli Gənclərin Mübadiləsi Proqramında gənclərimizin iştirakı bu sahədə gələcək fəaliyyətin daha səmərəli təşkilinə təkan verəcək.

"İdman hamı üçün" və “Sağlam həyat” layihələri uğurla davam etdirilir və təkcə paytaxtda deyil, bütün ölkəmiz üzrə rayon və şəhərlərdə geniş şəkildə həyata keçirilir, əhali, xüsusən də uşaq və gənclər tərəfindən maraqla qarşılanır. Artıq ənənə halını alan bu layihələr vasitəsilə idmana cəlb edilən əhalinin sayı da günbəgün artır.


Ay ərzində bir sıra görüşlərimiz də oldu. “Ümid” taekvondo klubunun üzvləri, güləş üzrə U-20 milli komandamızın üzvləri ilə, eləcə də MMA idmançımız Tofiq Musayevlə görüşlər, Azərbaycan Boks Federasiyasının fəaliyyəti ilə və Boks Mərkəzində yaradılan şəraitlə tanışlıq zamanı görülən işlərlə bağlı fikir mübadiləsi aparıb, qarşıdakı planları müzakirə etdik. İdman ictimaiyyəti ilə birlikdə təqdimatında iştirak etdiyimiz “Uğurlar – Elçin Əsədov” sənədli filmi də böyük maraqla qarşılandı. Fikrimcə idmançılarımız haqda belə filmlərin çəkilməsi onların daha da tanıdılması baxımından çox faydalıdır.


VİDEO

İdmanın təbliğində medianın rolu danılmazdır. İdman mediası idman ictimaiyyətimizın bir qolu sayılır. V İslam Həmrəyliyi Oyunlarını yerində işıqlandırmaq üçün 40-dək idman jurnalistinin Oyunlara akkreditasiyasını və iştirakını təmin etdik. Geniş tərkibdə media nümayəndə heyətimizin bu multi idman yarışında idmançılarımızın yanında olması, yarışları işıqlandırması, fikrimcə, maraqlı təcrübə olmaqla yanaşı, idman uğurlarımızın təbliği baxımından əhəmiyyətli oldu. İdman mediası ilə tərəfdaşlığımız davam etməli və inkişaf etdirilməlidir. Elə bu günlərdə Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi İdarə Heyəti üzvləri ilə görüşümüzdə də bu mövzuda bir sıra məsələləri müzakirə etdik.

Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Qrup oyunlarında komandaya uğurlar arzulayıram və bu mərhələdə də azarkeşləri sevindirəcəyinə inanıram.

Paytaxt ətrafında yaşayan gənclərin idmana cəlb edilməsi həm sağlamlıq, həm də asudə vaxtlarının səmərəli təşkili baxımından çox önəmlidir. Bu günlərdə Bakı şəhərinin bəzi kənd və qəsəbələrində idman mərkəzlərinin fəaliyyəti ilə də maraqlandıq, Nardaran və Pirşağı-Kürdəxanı idman zallarının, eyni zamanda Maştağa Olimpiya İdman Kompleksinin hazırkı vəziyyəti ilə tanış olduq. Mövcud imkanlardan səmərəli istifadə etməklə, yeni növlərin inkişaf etdirilməsi yollarını müzakirə etdik.

VİDEO

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun yenidən FİDE vitse-prezidenti seçilməsi də idman uğurlarımız baxımından önəmli hadisələrdir.

Bu günlərdə - sentyabrın 7-də nazir təyin olunmağımdan bir il ötür. Bu müddətdə komanda olaraq, etimadı doğrultmağa, qarşımıza qoyulmuş məqsədə çatmaq üçün üzərimizə düşən işləri layiqincə görməyə çalışdıq. Gənclərimizə, idmançı və məşqçilərimizə, könüllülərimizə, federasiyalarımıza, gənclər təşkilatlarımıza, gənclər evlərimizə, öz fəaliyyətləri ilə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Qazanılan nailiyyətlər məhz onların birlikdə fəaliyyəti sayəsində mümkün olub. Lakin, görülməli işlər çoxdur, bütün məsələləri birdən-birə həll etmək qeyri-mümkündür. Əsas odur ki, komanda olaraq, hədəflərimiz məlumdur. Əminəm ki, dinamik və planlı fəaliyyət bizi yeni uğurlara aparacaq.

Fərid Qayıbov
Gənclər və idman naziri