Tarix: 2023 may 03
Mənbə:
Baxışlar: 2316

Nazirin Nöqteyi-Nəzəri

Əziz gənclər və idmançılar!

Əvvəlki aylarla müqayisədə aprel həm idman qələbələri, həm də bir sıra hadisələrlə daha zəngin ay oldu. İdmançılarımız beynəlxalq yarışlarda bir sıra ilklərə nail oldular. Ümumilikdə isə boks, cüdo, bədii gimnastika, akrobatika gimnastikası, idman gimnastikası, badminton, akademik avarçəkmə, qılıncoynatma, taekvondo, üzgüçülük, sərbəst güləş, yunan-Roma güləşi, sambo, şahmat, sumo, stolüstü tennis, para-pauerliftinq və digər idman növləri üzrə beynəlxalq yarışlarda 57 qızıl, 40 gümüş və 67 bürünc olmaqla, 164 medal qazanılıb. Sərbəst güləş üzrə milli komandamızın 4-cü dəfə qitə çempionu olması hər birimizi sevindirdi. Bu qələbə sərbəst güləşçimiz Hacı Əliyevin də dördüncü Avropa çempionluğu oldu.

   

   

   

VİDEO

Sayca 20-ci olan nöqteyi-nəzərimdə toxunacağım əsas məsələ, şübhəsiz, ağırlıqqaldıranlarımızın İrəvana səfəri fonunda baş verən hadisələrdir. Ermənilərin bayrağımıza hörmətsizlik etməsi səbəbindən nümayəndə heyətimiz Vətənə qayıtdı. Nazirlik və MOK-un birgə bəyanatında da qeyd etdiyimiz kimi, Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir. Qardaş Türkiyə idmançıları “bir millət - iki dövlət” şüarını İrəvanda da xatırlatdılar. Qazandıqları medalları Azərbaycana həsr edən Türkiyə idmançıları Azərbaycan Prezidentinin tapşırığı ilə Bakıya dəvət olundular. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarla görüşüb onları təbrik etdilər. Ölkəmizin rəhbəri qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngörü “Tərəqqi” medalı ilə təltif etdi. Bu səfər həm də Azərbaycan və  Türkiyə idmançılarının daim birkimibirlikdə olduqlarını göstərdi. 

    

   

   

VİDEO

Apreldə Bakı bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etdi. Formula 1 üzrə Azərbaycan Qran-Prisinin 7-ci dəfə Bakıda təşkili bir sıra yeni rekordlarla yadda qaldı. İlk dəfə idi ki, yarışa bütün biletlər satılıb qurtardı. Bu aparılan düzgün marketinq işinin uğurlu nəticələrindən biridir. 100-dən çox ölkədən azarkeş turistlərin ölkəmizə gəlişi və eləcə də media vasitəsilə bütün dünyanın diqqətinin yarış günlərində Azərbaycana yönəlməsi Formula 1 Azərbaycan Qran-Prisinin turizm, iqtisadi, siyasi və təbliğat baxımından effektivliyini göstərdi. Bu cür tədbirlər həm də gənc kadrların yetişməsində mühüm rol oynayır. Artıq bəzi gənclərimiz xaricdə təşkil edilən beynəlxalq tədbirlərdə çalışmaq üçün dəvət alırlar. Azərbaycan gəncləri artıq Səudiyyə Ərəbistanı Qran-Prisi, Mayami Qran-Prisi, Dubay Expo, Qətər-2022 futbol üzrə dünya çempionatı və  digər nüfuzlu idman tədbirlərində çalışıblar. Bu irimiqyaslı tədbirlərin gənclərimizə qazandırdığı təcrübənin nəticəsində mümkün olub. Formula 1-in ölkəmizdə daha 3 il keçirilməsi barədə müqavilə imzaladıq. İnanıram ki, qarşıdakı illərdə də bu mötəbər tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişə daha çox təkan verəcək. Budəfəki yarışlar zamanı fəxri qonaqlarımızı – 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi qalib ölkənin nüfuzlu idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurverici oldu. 

   

      

   

         

Aprel beynəlxalq fəaliyyət baxımından da dolğun oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində Gənclər və İdman Nazirliyi adından Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi ilə anlaşma və əməkdaşlıq haqqında Memorandumu imzaladıq. İnanıram ki, dost ölkə ilə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Bakıda keçirilən daha bir beynəlxalq idman tədbiri Avropa Badminton Konfederasiyasının 56-cı konqresi oldu. Təşkilatın yeni prezidenti də məhz paytaxtımızda seçildi. Ötən ay Bakıda şahidlik etdiyimiz bədii gimnastika üzrə dünya kuboku da ölkəmizin uğur aktivinə yazıldı. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına hazırlığımız da davam edir. Bu il iyunun 26-dan 29-dək Bakıda mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclasını keçirdik. Təşkilat Komitəsinin üzvü olan aidiyyati qurumların təmsilçiləri ilə müzakirələr apardıq. 

   

VİDEO

Serbiyanın idman naziri, Olimpiya çempionu və vaxtilə Azərbaycanda çalışmış voleybol mütəxəssisi Zoran Qayiçlə, Avropa Motosiklet Federasiyasının sabiq vitse-prezidenti, "Diplomatic World" jurnalının layihə meneceri Mişel Turku ilə, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Bin Sulayemlə görüşlərimiz oldu. Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycan idmanının təbliği və inkişafı məsələləri üçün faydalı olacaq müzakirələr apardıq. 

   

Aprel ayında Azərbaycan Atletika Federasiyası və Azərbaycan Voleybol Federasiyasının yeni seçkiləri oldu. İnanıram ki, hər iki federasiyanın yeni seçilən rəhbərləri həmin idman növlərinin inkişafına öz töhfələrini verəcəklər. Federasiyaların fəaliyyəti daim diqqət mərkəzindədir. Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşlərimiz də artıq ənənə halını alıb və iki ayda bir dəfə keçirilən toplantıda qarşıda dayanan məsələləri birlikdə müzakirə edirik. Sayca 8-ci olan budəfəki görüşdə Paris Yay Olimpiya Oyunlarına, lll Avropa Oyunlarına, Tələbələrin Ümumdünya Yay Universiadasına və ll MDB Oyunlarına hazırlıq məsələlərini, eləcə də idmanın təbliğatı, xüsusən də yarışların yayımı məsələlərini müzakirə etdik. 

   

   

VİDEO

Ənənəyə uyğun olaraq, daha bir görüşümüz beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə oldu. Aprel ayında iki dəfə belə görüşümüz oldu. Fikrimcə, belə görüşlər idmançılarımızın özünü ifadə etməsi və motivasiya baxımından səmərəli olmaqla yanaşı, müxtəlif növlərin təmsilçilərinin bir-birini daha yaxından tanıması cəhətdən də vacibdir. MMA idmançıları Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevlə, həmçinin Rafael Fiziyevlə də görüşlərimizdə bu idman növündə beynəlxalq yarışlarda iştirak və qarşıdakı turnirlərə hazırlıq məsələlərini müzakirə etdik. Ənənəvi vətəndaş qəbulu çərçivəsində bu dəfə Quba və Qusar rayonlarının sakinləri ilə görüşdük.

    

   

   

   

VİDEO

Hər il aprelin 6-sı dünyada İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü kimi qeyd edilir. Bu münasibətlə Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günləri təşkil etdi. 5 gün ərzində Bakının iki ayrı ərazisində davam edən layihədə 14 yaş qrupu üzrə minlərlə insan iştirak edərək aktiv həyat tərzinə sadiq qaldı. İlk dəfə ötən il təşkil etdiyimiz bu layihədə əsas məqsəd əhali arasında sağlam həyat tərzinin təbliğidir. Gənclər və İdman Nazirliyi ilk mərhələsi mart ayında uğurla yekunlaşmış “Üzməyi öyrənək” layihəsini davam etdirir. Bu dəfə 4 bölgənin Olimpiya İdman Kompleksində keçirilən üzgüçülük məşğələlərinə 515 şagird cəlb edilib. Bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılır. Həm su idman növlərinə marağın artırılması, həm də sağlam gənc nəslin yetişməsi baxımından bu layihə çox önəmlidir.

   

   

"Gənclər üçün Prezident mükafatı"na layiq görülmüş şəxslərlə görüşüb layiq görüldükləri mükafatları təqdim etdik. Qeyd edim ki, belə gənclərin qazandıqları uğurları və təcrübələri gənc nəsillə bölüşmələri üçün bundan sonra da birgə fəaliyyətləri faydalı ola bilər. Bu il ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmiş gənclərlə də görüşümüz maraqlı keçdi. Təkcə yanvar-mart ayları ərzində Azərbaycan gəncləri 12 ölkədə keçirilmiş 18 beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər. Beynəlxalq platformalarda təmsilçilik gənclərin fərdi inkişafına təsir etməklə yanaşı, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından vacibdir. Onların istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində fəallıqları çox vacibdir. 

      

VİDEO / VİDEO

Gənclərlə görüşlərimiz çərçivəsində bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında qonaq olduq. Tələbələrlə maraqlı fikir mübadiləsi apardıq, onların suallarını cavablandırdıq. Gənclər sahəsində işçi qrupların üzvləri ilə də iki dəfə görüşümüz oldu. Görüşdə mütəmadi olaraq işçi qruplarının üzvləri ilə birlikdə müzakirələrin aparılması, təkliflərin səsləndirilməsi, həmçinin problemlərin həlli istiqamətində müzakirələrimiz oldu. Bu görüşlərimiz davamlı olacaq və inanıram ki, gənclərlə iş sahəsində bu layihənin effektivliyini birlikdə görəcəyik.   

   

   

 

Fərid Qayıbov,

gənclər və idman naziri