Nazirin Nöqteyi-Nəzəri
Əziz gənclər və idmançılar!
Əlamətdar hadisələrlə yadda qalan may ayında bir çox tarixi hadisələrin və uğurların şahidi olduq. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ötən ilin oktyabrından start verdiyimiz minifutbol turnirinə mayın 7-də böyük finalla yekun vurduq. Bürünc medal uğrunda qarşılaşmada SOCAR komandası Dövlət Gömrük Komitəsinə, finalda isə Fövqəladə Hallar Nazirliyinin komandası Dövlət Təhlükəsizliyi Xidmətinə qalib gəldi. Xarici İşlər Nazirliyinin komandası isə turnirin “Fair play” mükafatına layiq görüldü. Yarışa qoşulmuş 52 dövlət qurumuna, təşkilati işlərə dəstək vermiş AFFA və Minifutbol Federasiyasına, final qarşılaşmasını canlı yayımlayan CBC Sport telekanalına, eləcə də turnirə dəstək verən digər qurumlara təşəkkür edirəm. Dövlət qurumlarının turnirə böyük marağını nəzərə alaraq, gələcəkdə bu yarışı ənənəvi olaraq keçirməyi düşünürük.
Ayın ən kütləvi yarışlarından biri də Bakı marafonu oldu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi olaraq “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışa bu il 20 minədək iştirakçı qoşuldu. Gənclər və İdman Nazirliyi öz növbəsində Azərbaycan Atletika Federasiyası ilə birlikdə il ərzində müxtəlif məsafələrə qaçışlar təşkil edir. Təbii ki, bu yarışlar idmanın populyarlaşmasına və kütləviliyinə təsir edən əsas alətlərdəndir.
Ölkəmiz may ayında bir sıra nüfuzlu beynəlxalq yarışların məkanına çevrildi. Əsas tədbirlərdən biri Bakıda təşkil edilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı oldu. “Ulduz kimi parla” şüarı ilə hər kəsi qələbəyə səsləyən qitə çempionatı Azərbaycan gimnastika tarixində ilklərlə yadda qaldı. Qrup hərəkətləri komandamız ilk dəfə Avropa çempionu adını qazandı (üç lent və iki topla), çoxnövçülükdə isə 3-cü oldu. Digər ilki isə Zöhrə Ağamirova əldə etdi. O, fərdi proqramda Avropa medalını qazanan Azərbaycanda yetişmiş ilk gimnast oldu. Yeniyetmələrdən ibarət qrup komandamız iki bürünc medal qazanaraq ümumi medal sayımızı 5-ə çatdırdı. Yeri gəlmişkən, Beynəlxalq Gimnastika Federasiyasının qərarına əsasən 2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Ölkəmizdə bu ay keçirilən yarışlar sırasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Prezident kuboku-2023” reqatası da yaddaqalan oldu. İşğaldan azad edilmiş Suqovuşanda start götürən turnir ənənəvi olaraq Mingəçevirdə başa çatdı. Atıcılıq üzrə “Dünya Kuboku-2023” yarışı, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən “Baku Open 2023” beynəlxalq şahmat festivalı, Avropa Tennis Turniri, yelkən idmanı üzrə "Baku Sailing Regatta 2023” və digər onlarla yarış beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə cəlb etdi.
İdmançılarımız ay ərzində müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda 59 qızıl, 48 gümüş, 72 bürünc olmaqla 179 medal qazandılar. Ənənəmizi davam etdirərək, ay ərzində beynəlxalq yarışlarda medal qazanmış idmançılarımız və onların məşqçiləri ilə görüşdük.
Azərbaycanın "Sabah" və Türkiyənin "Beşiktaş" futbol komandaları arasında xeyriyyə məqsədli yoldaşlıq matçı iki qardaş ölkə klubları arasında əməkdaşlığın növbəti mərhələsi oldu. Söhbət futboldan düşmüşkən, Ağdamın “Qarabağ” futbol komandasını 10-cu dəfə ölkə çempionu olması münasibətilə təbrik edirəm.
Gənclər və İdman Nazirliyinin ötən ay keçirilən Kollegiya iclasında regional idarələrin əsasnamələrini təsdiq etdik. Bununla da regional idarəetmə sistemində təkmilləşmə prosesini yekunlaşdırdıq. Kollegiya qərarı ilə padel idman növünün ölkə ərazisində tanınması da təsdiqləndi. Dünyada, xüsusən də Avropada sürətlə yayılan bu maraqlı idman növünün ölkəmizdə inkişafı üçün ilkin addımlar atılmaqdadır. Bakı Tennis Akademiyasının ərazisində bu günlərdə istifadəyə verilən padel kortu ölkəmizdə sayca 3-cü belə meydançadır. Qeyd edim ki, bu ay Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında ölkəmiz padel idman növündə də təmsil olunacaq.
Dövlətimizin başçısı İlham Əliyevin Vilnüsə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi ilə gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Beynəlxalq əməkdaşlıq çərçivəsində Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteranla da görüşdük. Rizin Döyüş Federasiyasının qurucusu Sakakibara Nobuyukinin də daxil olduğu federasiya nümayəndə heyəti ilə görüşdə isə ölkəmizdə MMA idman növlərinin vəziyyətini və beynəlxalq qurumla əməkdaşlığı müzakirə etdik.
Şəkidə tələbələrin AzMUN Simulyasiya Konfransında qonaq oldum, onların “diplomatik fəaliyyətlərini” izlədim. Yüksək bacarıq və dünyagörüşü olan gəncliyin formalaşdığına bir daha əmin oldum. Gənclərlə iş sahəsində fəaliyyətlərin əlaqələndirilməsi üçün işçi qrupların üzvləri ilə növbəti görüşümüz oldu. Görüş zamanı növbəti mərhələlərdə işçi qrupları tərəfindən aidiyyəti istiqamətlərdə fəaliyyətlərin həyata keçirilməsini və müzakirələrin davam etdirilməsini qərara aldıq.
Ay ərzində gənclər siyasətində bir sıra mühüm tədbirlər icra olundu. Türkiyədə təşkil edilən “Texnofest 2023” Aerokosmik və Texnologiya Festivalında Gənclər və İdman Nazirliyinin təmsil olunması, Bakı Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan deyəndə…” adlı Gənclər Konfransı, "İKT-də Qızlar Günü"nə həsr olunan “QadınTalks 2” layihəsinin keçirilməsi bu sahədə görülən işlərin bir hissəsidir.
May ayından başlayaraq nazirliyin dəstəyi ilə gənclər düşərgələrinə start verildi. Artıq Şəkidə “Gənclərin Liderlik Akademiyası 3” Ümummilli Lider İrsi düşərgəsi başa çatdı. Qarşıdakı aylarda isə müxtəlif istiqamətlərdə yay təcrübə düşərgələrimizlə davam edəcəyik. “Əylənərək öyrənirik” qeyri-formal təhsil üsullarına əsaslanaraq təşkil edilən düşərgələr Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Gənclər və İdman Nazirliyi və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilən Azərbaycanda gənclərlə işləyən təlimçilər üçün uzunmüddətli təlim (TRAYAZE) kursunun iştirakçıları tərəfindən praktiki təlimlərə Gənclər Evlərində start verilib. Artıq Astara, Şirvan və Sabirabad Gənclər Evlərində təlim kursları keçirilib. Məqsədimiz gənclər sahəsində təlimçilərin peşəkarlıq səviyyəsini artırmaq və Gənclər Evlərində qeyri-formal təhsil üsullarının fəal tətbiqini genişləndirməkdir. Yeni layihə - “Məktəblilər üçün Debat Forumu”na start verdik. Layihənin məqsədi məktəblilər arasında Ulu Öndər Heydər Əliyev irsini təbliğ etmək, şagirdlərin inkişafına töhfə vermək, onların komanda ilə işləmə, araşdırma və təqdimat bacarıqlarını artırmaqdır. Layihənin genişlənərək ölkənin bütün məktəblərini əhatə etməsi hədəflərimizdəndir.
"Qardaş köməyi" layihəsi çərçivəsində ölkəmizdən 20 gəncin Türkiyəyə səfəri, ardınca isə qardaş ölkə nümayəndələrinin Bakıya səfəri baş tutdu. Layihənin məqsədi gənclərə hər iki ölkənin mədəni və tarixi dəyərlərini tanıtdırmaq, gənclər arasında qardaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir.
28 May - Müstəqillik Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası keçirdik. Aksiyada Gənclər və idman Nazirliyinin rəhbərliyi və kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak etdilər. Qanverməyə eyni zamanda, Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Quba, Sumqayıt və Lənkəranda idman ictimaiyyəti nümayəndələri qoşuldular. Xeyriyyə tədbirlərimizin davamı olan bu aksiyada ümumilikdə 500-dək donor qan verdi. Daha bir aksiyamızı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdik. Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda, şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik eko aksiyası idman ictimaiyyəti və könüllülərimizin birgə fəal iştirakı ilə reallaşdı.
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam oldu. İdmançılarımız və gənclərimiz “Heydər Əliyev İli”ni öz uğurlu fəaliyyətləri ilə qeyd edirlər. Ömrünü xalqa həsr etmiş Ümummilli Liderin həyatı hər bir gəncə və idmançılara örnəkdir. "İndi dünyada ölkəni, xalqı idman qədər başqa heç nə tanıda bilmir" - deyərək, idmana və gənclərə dövlət qayğısının əsasını qoymuş Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Fərid Qayıbov,
gənclər və idman naziri