Xəbərlər
Dərc edilib:20.02.2020 17:35
Baxışlar:129

Sumqayıtda könüllü gənclərin mini-futbоl turniri keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Olimpiya İdman Kompleksində şəhərin müxtəlif sahələrini təmsil edən könüllü gənclər arasında mini-futbоl turniri keçirildi.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin  Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov  əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu inkişafından, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, gənclər sahəsində görülən işlərdən danışdı. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri  icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, könüllülük fəaliyyətini təbliğ etmək, həmçinin, gənclərin fiziki potensiallarını üzə çıxarılmaqdır.

Yarışda şəhərin müxtəlif təşkilatlarını təmsil edən 6 komanda mübarizə aparıb.

Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi, II yerə 10 nömrəli peşə liseyi və III yerə isə 3 nömrəli peşə liseyinin komandaları layiq görülüb.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.