Xəbərlər
Dərc edilib:21.02.2020 16:13
Baxışlar:127

Savatçılarımız beynəlxalq turnirdə 10 medal qazandılar

Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının idmançıları ölkəmizi daha bir beynəlxalq turnirdə uğurla təmsil ediblər. Gürcüstanın paytaxtı Tbilisidə Savat - Fransız boksu döyüş növünün Asso versiyası üzrə yeniyetmələr və gənclər arasında keçirilən mötəbər yarışda Azərbaycan idmançıları 10 dəfə fəxri kürsüyə qalxıblar. Onlardan 8-i zirvədə dayanıb. Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rəhimov (50 kq), Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid Ağayev (yeniyetmə, 63 kq), Kamil Balaşov (yeniyetmə, 70 kq) və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Orxan Rzalı (yeniyetmə, 46 kq) və Nəriman Vəliyev (63 kq) isə yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Yarışda Azərbaycanla yanaşı Gürcüstan, İran, Ermənistan və Qazaxıstan idmançıları da iştirak ediblər. İdmançılarımız gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında yarışıblar.