Xəbərlər
Dərc edilib:25.12.2021 15:00
Baxışlar:708

“EkoLogika - gənclər üçün beynəlxalq təlim proqramı" öz işinə başlayıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin və "Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər" layihəsinin təşkilatçılığı ilə təşkil olunan “EkoLogika - gənclər üçün beynəlxalq təlim proqramı" öz işinə başlayıb. Dekabrın 23-dən 28-dək davam edəcək tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacıkistan və Özbəkistandan 60-a yaxın gənc iştirak edir.

 

Dekabrın 24-də "Hyatt Regency” mehmanxanasında tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə, millət vəkili Məzahir Əfəndiyev, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təsisçisi Vüqar Səfərov və aidiyyəti sahə üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Təlim proqramının məqsədi gənclər arasında dayanıqlı inkişaf ideyalarını təbliğ etmək, gənclərin diqqətini ətraf mühit məsələlərinə cəlb etmək, ekoloji problemlərin həlli üçün gənclərin təşəbbüsləri şəbəkəsini yaratmaq, həmçinin ətraf mühitlə bağlı fəaliyyətlərin planlaşdırılmasında innovativ yanaşmalardan istifadə üzrə bilik və təcrübə mübadiləsi aparmaqdır.