Xəbərlər
Dərc edilib:2017 mart 17
Baxışlar:378

Binəqədi məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola salındılar

 “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 16 mart 2017-ci il tarixdə binəqədili məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir  keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, məktəb direktorları, valideynlər və məktəblilər, 272 və 177 saylı körpələr evi-uşaq bağçasından olan uşaqlar iştirak etdilər.
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak edəcəkdir. Şagirdlərə uğurlar diləyən natiq tur-aksiyadan müsbət şəkildə yararlanmağı tövsiyə etdi.
Mərasimdə çıxış edənlər  - 284  nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı Elen Cəfərzadənin valideyni Rəmziyyə Sadıxova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.
Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar. Yolasalma mərasimi konsert proqramı ilə davam etdi.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşdülər.