Azərbaycan Respubikasının
Gənclər və İdman Nazirliyinin
" 21 iyun " 2006-cı il tarixli S-328 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
kollegiyasının iş
R E Q L A M E N T İ
Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri muzakirə edir və müvafiq qərarlar qəbul edir.
I.İşin planlaşdırılması
1.Kollegiyanın işi yarımillik müddətə planlaşdırılır. İş planı Nazirliyin müvafiq struktur bölmələri və qurumları ilə birgə Nazirliyin aparatı tərəfindən hazırlanır, məsələlərin məzmunu, müddəti və hazırlığına cavabdeh şəxslər göstərilməklə tərtib olunur.
Yarımillik iş planının müzakirəsinə bir ay qalmış struktur bölmələri və qurumlarının təklifləri rəhbərliklə razılaşdırıldıqdan sonra Aparatın rəhbərinə təqdim olunur. Aparat Nazirliyin perspesktiv iş planının layihəsini hazırlayır və Nazirlə razılaşdırıldıqdan sonra kollegiyanın müzakirəsinə təqdim edir.
Hər rübün sonunda kollegiyanın məsul katibi iş planının yerinə yetirilməsinin gedişatı barədə kollegiyanın sədrinə hesabat verir. Çox nadir hallarda kollegiyada baxılacaq məsələlərin hazırlığına məsul şəxs və ya struktur bölməsinin təqdimatı əsasında kollegiya sədrinin razılığı ilə müzakirə olunacaq məsələnin vaxtının dəyişdirilməsinə yol verilə bilər.
Vaxtında təqdim olunmayan kollegiya sənədinə icraçı tərəfindən qayda-qanunun kobud surətdə pozulması nöqteyi-nəzərindən baxılır.
Kollegiya sənədinin vaxtında və keyfiyyətli hazırlanmasında Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri şəxsən məsuliyyət daşıyırlar.
2.Nazirliyin I və II yarımilliklər üçün perspektiv iş planları kollegiyada təsdiq olunur.
3. I və II yarımillik üçün iş planının layihəsi müvafiq olaraq, hər ilin may, noyabr aylarında baxılmaq üçün Nazirliyin kollegiyasına təqdim olunur. Perspektiv iş planının forması Nazir tərəfindən muəyyən edilir.
II.Kollegiyanın işinin təşkil olunması
1.Nazirliyin kollegiya iclası hər ay keçirilir. İclaslarda gənclər və idman sahələri üzrə dövlət proqramlarının layihələrinə, bu layihələrin fəaliyyətinə nəzarət mexanizminə, onların inkişafı perspektivlərinə baxılır.
Eyni zamanda peşəkar kadrların seçilib yerləşdirilməsi, kvalifikasiyalarının artırılması, xidməti karyeralarının inkişaf etdirilməsi istiqamətində işin təşkili məsələlərinə, qəbul olunmuş qərarların icrasına, yuxarı ranqlı orqanlardan daxil olmuş qanunların, normativ - hüquqi aktların və digər vacib sənədlərin layihələrinə, həmçinin Nazirliyin Əsasnaməsinin layihəsinə baxılır. Nazirliyin strukturuna daxil olan qurumların, yerli orqanların, müəssisə və təşkilatların rəhbərlərinin və ya nümayəndələrinin hesabatı dinlənilir.
2.Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Nazir tərəfindən təsdiq edilir. (Forma əlavə olunur)
Kollegiyanın iclaslarında mütləq kollegiyanın üzvləri, struktur bölmələrinin rəhbərləri və ya onları əvəz edən şəxslər iştirak edirlər, eyni zamanda kollegiyada müzakirəyə aidiyyəti olan qurumların, müəssisə və təşkilatların rəhbərləri və ya təmsilçiləri də iştirak edirlər.
3.Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.
Kollegiyada baxılan məsələlərin müzakirəsində iştirak etmək üçün aidiyyəti üzrə dəvət olunanların siyahısı Nazirin müvafiq müavini və ya Aparatın rəhbəri ilə razılaşdırılır. Dəvət olunan vəzifəli şəxslər yalnız onlara aidiyyəti olan məsələlərin müzakirəsində iştirak edə bilərlər.
4.Kollegiyanın qərarlarının hazırlanması və tərtib edilməsi:
- Kollegiyanın qərar layihəsi konkret müddət və icrasına məsul şəxs göstərilməklə dəqiq və aydın hazırlanmalıdır;
- Kollegiyanın qərar layihəsinin və arayışın başlıqları eyni olmalıdır (Qərar layihəsinin mətni yiğcam, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur (1№-li əlavə));
- Qərarın şərh hissəsində qərar qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri göstərilir;
- Görülməli tədbirlərin izahına ehtiyac olmadıqda, şərh hissəsi olmaya da bilər;
- Qərarın sərəncam hissəsi əmr formasında ifadə olunur və qərarı qəbul edən təşkilatın Nazirliyin adından sonra mətn dayandırılmadan "q ə r a r a a l ı r" sözləri ilə davam etdirilir;
- Əgər qərar bir neçə müxtəlif xarakterli tədbirlər görülməsini tapşırırsa, sərəncam hissəsi bəndlərə bölünür. Eyni xarakterli tədbirlər bir bənddə, ayrı-ayrı abzaslarda sadalanır;
- İcraçı qismində, bir qayda olaraq struktur bölmələri və təşkilatlar göstərilir;
- İcraçı qismində vəzifəli şəxs yalnız tədbirin icrası konkret şəxsə tapşırıldıqda göstərilir;
- Sərəncam hissəsinin axırıncı bəndində qərarın icrasına nəzarətin həvalə edildiyi struktur bölməsi və ya vəzifəli şəxs göstərilir;
- Struktur bölmələrinin adı və ya vəzifəli şəxsin vəzifələrinin tam şəkildə adı və soyadı yönlük halda yazılır.
Qərar layihəsi bu sənədi hazırlamış şəxslərə verilir ki, onlar həmin layihələrə zəruri dəyişikliklər və əlavələr etsinlər.Sonra qərar layihəsi ( I nüsxəsi) Nazirliyin məsul işçisi tərəfindən kollegiyada baxilacaq sənədlər isə məsələni müzakirəyə hazırlayan struktur bölməsinin rəhbəri ,Aparatın rəhbəri və müvafiq Nazir müavini tərəfindən vizalanmalıdır. Qərar layihəsinə düzəlişlər mütləq yazılı formada təqdim olunmalıdır.
İcraçı imzalamaq üçün hazırlanmış qərara həmin qərar imzalandıqdan sonra göndərilməli olduğu təşkilatların,struktur bölmələrinin, qurumların, müəssisə və vəzifəli şəxslərin siyahısını əlavə edir.
Qərar layihəsində struktur qurumlarının tapşırıqları onların rəhbərləri tərəfindən imzalanmalıdır. (Arayış 5-6 səhifədən, qərar layihəsi isə 1,5 intervalla yazilmaqla 3-4 səhifədən artıq olmamalidir)
Kollegiyada müzakirə olunan məsələ onu hazırlayan işçi tərəfindən məruzə olunmalıdır.
Qərar layihəsi iclasda dinlənilmiş təkliflər və iradlar əsasında yenidən işlənilir və iclasdan sonra 3 gün müddətində kollegiya sədrinə imzalanmağa təqdim olunur.
5.Kollegiyanın protokolunun hazırlanması və tərtib edilməsi.
Kollegiyanın iclaslarının protokolunun mətni bir qayda olaraq giriş və əsas hissədən ibarət olmalıdır.
Protokolun giriş hissəsində kollegiyanı aparan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin - kollegiyanın iclasında iştirak edən və etməyən kollegiya üzvlərinin adları, soyadları və vəzifələri, müzakirə ediləcək məsələlərin adları verilir.(2№-li əlavə)
Protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni,sonra isə qərar hissəsi verilir. Qərar əvvəlki mətndən sonra vərəqin sol sahəsinin hüdudundan sətirarası intervalla çap edilən "Q ə r a r a a l ı r" sözləri ilə başlanır.Qəbul edilmiş qərarın mətni yeni sətirdən abzasdan yazılır.
Protokolda hər ilin əvvəlindən birinci nömrə ilə başlanan növbəti sıra nömrəsi verilir. Protokola gündəlik, qəbul edilən qərarlar, bu və ya digər məsələnin müzakirəsində iştirak etmiş şəxslərin soyadlarının siyahısı daxil olur.
Protokolu kollegiyanın sədri imzalayır. Bütün köməkçi materiallar (arayışlar, informasiyalar, cədvəllər, təkliflər, tənqidi materiallar, kadr materialları və s.) mütləq protokola əlavə edilir.
Protokollar stenoqramların, qeydlərin və ya səs yazılarının, habelə müşavirə üçün hazırlanan materialların əsasında tərtib edilir. Stenoqramlar, bütün ilin materialları protokola qoşulur.
III.Sənədlərin göndərilməsi
Qəbul edilmiş qərarlar kollegiyanın sədri və katibi tərəfindən imzalanır, nüsxələr siyahı göndəriş vərəqələri ilə birlikdə çoxaldılır və ən geci yeddi gün müddətinə Ümumi şöbə tərəfindən icraçılara çatdırılır.
Qərarlar müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə qərarın nömrəsi hesab olunur. (3№-li əlavə)
Qəbul edilmiş qərarlara Nazirin - kollegiyanın sədrinin razılığı olmadan düzəliş etmək qadagandır.
IV.Qərarların icrasına nəzarət
Kollegiyanın qərarlarının yerinə yetirilməsinə nəzarət Aparatın rəhbərinə, cari nəzarət isə kollegiyanın məsul katibinə həvalə olunur.
Kollegiyanın məsul katibi qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi haqqında vaxtaşırı Aparatın rəhbərinə və Nazirə məlumat verir.
Kollegiyanın sədri
Fərid Fazil oğlu Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Üzvlərin siyahısı
İndira Niyazi qızı Hacıyeva – gənclər və idman nazirinin müavini
Mariana Toteva Vasileva – gənclər və idman nazirinin müavini
Fərhad Məcid oğlu Hacıyev – gənclər və idman nazirinin müavini
Ramil Qəşəm oğlu Hacı – Naxçıvan MR gənclər və idman naziri
Çingiz Muxtar oğlu Hüseynzadə – Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fuad Hacı oğlu Hacıyev – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru
Fidan Rüstəmli – Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri
Fuad Muxtar oğlu Babayev – Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri
Elnur Elbrus oğlu Məmmədov – Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri
Raqif Arif oğlu Abbasov – Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi
Nadir Lətif oğlu Əliyev – Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti